![Keçmiş vitse-prezidentə başqa qurumda da iş verildi - FOTO](https://www.sportinfo.az/media/2025/02/08/whatsapp_image_2025_02_06_at_11.50.47.jpg)
Milli Olimpiya Komitəsinin (MOK) İdman şöbəsinin müdiri Həsənağa Rzayev Azərbaycan Deflimpiya Komitəsində eyni vəzifəyə təyin olunub.
Sportinfo.az xəbər verir ki, prosport.az-ın məlumatına görə, sabiq güləşçi və Basketbol Federasiyasının keçmiş vitse-prezidenti Deflimpiya Komitəsinin İdman şöbəsinin müdiri təyin olunsa da, MOK-dakı vəzifəsini davam etdirəcək.
Yeri gəlmişkən, ötən ayın ilk günlərində MOK-da gözlənilən seçkilərin nəticəsinə uyğun olaraq, onun işdən ayrıla biləcəyini məhz saytımız yazmışdı. Lakin bu, baş verməyə də bilər. Çünki Gənclər və İdman Nazirliyində məlum dəyişikliklər MOK-dakı seçkiyə də təsirsiz ötüşməyib.
Hazırda MOK-un Baş Məclisinin bütün üzvlərinə seçkinin gündəliyi 2 həftə əvvəldən təqdim olunsa da, tədbir yubanır. MOK Nizamnaməsinin 6.6-cı maddəsinə əsasən, MOK-un İcraiyyə Komitəsi MOK-a üzvlüyə yeni namizədlərin siyahısını Baş Məclisə təqdim etməlidir. Ötən ilin dekabrında MOK-da prezident mandatının 8 illik müddəti də başa çatdığından, ölkə başçısının da iştirakı gözlənilir.
Qeyd edək ki, Deflimpiya Komitəsi eşitmə və danışma qüsurlu olan şəxslərin idmana inteqrasiyası yönündə 2023-cü ilin oktyabrın 13-də yaradılmış qurumdur. Bu qurumun rəhbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur. Ötən il Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Namiq Novruzov bu quruma baş katib təyin olunub.