“Neftçi”də oynamağın xəyallarını quran Cavid Abdullayevin 11 yaşı var. O, futbolla 5 yaşından məşğul olmağa başlayıb.
Hər bir uşaq kimi futbolla ilk dəfə məhəllədə tanış olan Cavidin bu idman növünə sevgisi o qədər artır ki, sonda “Neftçi”nin futbol məktəbinə yazılmaq üçün valideynlərini dilə tuta bilir.
“Neftçi”də ilk addımlarını atan və istedadı ilə seçilən Cavid “Vətən” Futbol Məktəbinin məşqçilərinin diqqətini çəkməyə başlayıb.
Yaşıdlarına görə sürəti, driblinqləri ilə diqqət çəkən və gələcəyi parlaq göstərilən Cavid 2021-ci ildən “Vətən”də Eldar Ağaxanovdan futbolun sirrlərini öyrənməyə davam edir.
Ötən günlərdə komandanın keçirdiyi qarşılaşmada diqqətimizi çəkən Cavid Abdullayevlə özü, gələcəyi haqda sorğu-sual elədik.
Nəsimi rayonu 42 nömərli məktəbin 6-cı sinifində təhsil alan dərslərindən də geri qalmadığını bildirdi:
“Futbolu çox sevirəm. Yaxşı oynamaq üçün səylə çalışmağın lazım olduğunu da bilirəm.
“Neftçi”yə azarkeşlik edirəm. Xarcidən isə “Real Madrid”in fanatıyam.
Arzum və hədəfim gələcəkdə “Neftçi”də oynamaqdır. Əsas oyunçusu olmaqdır.
Bunun xəyallarını qururam. Bu mənim ən böyük arzumdur. Qol vuranda Kristiano Ronaldu kimi sevinirəm (gülür)”.
Cavid Abdullayev oynadığı mövqe ilə bağlı da fikirlərini dedi:
“Mənim üçün sağ yarımmüdafiəçi kimi oynamaq çox rahatdır. Zərbələrim, sürətli keçidlərim yaxşıdır.
Müəllimlərim də elə deyir. Qarşıma qoyduğum məqsədə çatmağım üçün çox çalışmalıyam”.
ELÇİN / SPORTİNFO.AZ