COP29

"Mən ailəmə çörək qazanmaq üçün hambal işləməyə, nökər olmağa da hazıram"

17:40 Hadisə 437
"Mən ailəmə çörək qazanmaq üçün hambal işləməyə, nökər olmağa da hazıram"

«Mənə ailəmə çörək qazanmaq üçün hambal işləməyə, nökər olmağa da hazıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran qapıçı Elnar Kərimov deyib.

Dünən xəbər verdiyimiz kimi, o, öz profilini dəyişmək məcburiyyətində qalıb.

Uzun illər «Qəbələ»nin formasını geyinmiş, son həftələrə kimi «Mingəçevir»də çalışmış qapıçılar üzrə məşqçi dükanda işləməyə başlayıb.

Vaxtilə Türkiyədə də legioner həyatı yaşamış Kərimov indi doğma Mingəçevirdə ailəsini dolandırmaq üçün bu işi görməyə məcburdur.

O, bu gün redaksiyamızla əlaqə saxlayaraq, mövcud vəziyyəti ilə bağlı aşağıdakıları söyləyib:

«Həmin market dostumundur. İşsiz olduğumu bildi və təklif etdi ki, oranı işlədim.

Mingəçevirdə taksi fəaliyyəti də göstərirəm. Bunların heç biri qəbahət deyil.

Halal yolla evimə bir tikə çörək aparıram. Ailəmi dolandırmaqdan ötrü hər əziyyətə qatlaşmağa hazıram.

Mən saytınızı gündəlik oxuyuram. Tək mən yox, ailə üzvlərim, yaxınlarım da «Sportinfo»nu izləyir.

Həmin xəbər çıxandan az sonra oğlum mənə «vatsap»da link atdı. Dedi ki, ata, bax gör, səndən yazıblar.

Şəkilə pis oldum. Heç istəməzdim ki, marketdən çəkilən şəklim mtbuata çıxsın.

Mənə pis təsir edir. Çünki mən futbolçu olmuşam, futbol adamıyam.

Görən, baxan deyər ki, Elnar daha futbolu atıb. Amma mən futbolu atmamışam.

«Mingəçevir»dən halallıqla ayrılmışam. Maaşımı da veriblər.

Kluba yeni baş məşqçi təyin olunub. Füzuli Məmmədov da öz məşqçilərini ora gətirib.

Kluba da təzə sponsor gəlib, bilirsiz. Onların akademiya ilə bağlı planlarından xəbərsizəm.

Əgər dəvət etsələr, gedib görüşərəm, fikirlərimi deyərəm. Razı qalsalar, müqavilə təklif etsələr, akademiyada işləyərəm.

İndi heç stadion tərəfə keçmirəm. Hələlik gözləyirəm. Dəvət etməsələr, yenə incimərəm.

Hər kəsin fikrinə hörmətlə yanaşıram. Futboldan nə qədər uzaq qalsam belə, orada-burada işləyim, ailəmin bir tikə çörəyini qazanacam.

Mənim üçün əsas budur. İki uşağım var, onların qayğısını çəkmək borcumdur».

Digər Xəbərlər
Xəbər Lenti