Azərbaycanda məşqçi öz profilini dəyişmək məcburiyyətində qalıb.
Uzun illər «Qəbələ»nin formasını geyinmiş, son həftələrə kimi «Mingəçevir»də çalışmış Elnar Kərimov dükanda satıcı işləməyə başlayıb.
Vaxtilə Türkiyədə də legioner həyatı yaşamış Kərimov indi doğma Mingəçevirdə ailəsini dolandırmaq üçün satıcı olmağa məcburdur.
O, şəhərin eyniadlı klubunun rəhbərliyi tərəfindən aldadılıb. «Mingəçevir»in həm əsas komandasında, həm də uşaq futbolunda qapıçılar üzrə əmək sərf etsə də, 4 ay maaş ala bilməyib.
Yerli rəsmilər müxtəlif bəhanələrlə onu hər dəfə aldadıb, əməkhaqqını verməyib. Halbuki AFFA I Liqanın digər iştirakçıları kimi, «Mingəçevir»in də aylıq yardım paketini vaxtlı-vaxtında ödəyir.
Elə isə Elnar halal pulunu niyə almasın?
Yəqin edirik ki, federasiyanın müvafiq mənsubları bu hadisənin izinə düşəcək və araşdırma aparacaq.
Onlara da maraqlı olmalıdır ki, görən, klub müqavilə bağladığı mütəxəssis qarşısında götürdüyü maliyyə öhdəliyini niyə yerinə yetirmir?
Atıb-aldatmaq dövrü deyil ki… AFFA klublara atasından qalma pulu vermir, dövlətin futbola ayırdığı pulu verir.
Qurum, sadəcə, dövlətlə klublar arasında vasitəçidir.
Başqa vaxt hər qəpiyin davasını edən AFFA-dan gözlənilən budur ki, «Mingəçevir»in idarəçilərinin yaxasından yapışsın və bu neqativ halın aradan qaldırılmasına nail olsun.
SPORTİNFO.AZ