“Şamaxı”yla səfər oyunundan sonra idi.
Elvin Cəfərquliyev həmkarımla söhbətdə özünü ilin ən yaxşı futbolçusu görmədiyini açıq şəkildə etiraf etmişdi.
“Araz-Naxçıvan”la qarşılaşmadan sonra Toral Bayramov bəndənizin “özünü ilin ən yaxşı futbolçusu görürsən” sualına “bəlkə də” cavabını vermişdi.
Deyirlər e, adamın işinə kənardan baxanlar düzgün qiymət verə bilər. Boş şeydir.
İşi görən insanın özüdürsə, deməli, harda doğru, harda yanlış etdiyini hamıdan yaxşı görür və bilir. Kənardan baxanlar sadəcə müşahidəçilərdir.
Bəli, 2024-ün ən yaxşısı adına ən real namizəd elə Toral idi. İstər meydanda keçirdiyi dəqiqələr, istər vurduğu qol və məhsuldar ötürmələrin sayı, istərsə də davranış baxımından “27 nömrə” “44”ü açıq-aşkar üstələyirdi.
Elvin istedadlı oyunçudur. Allah ona müdafiəçi üçün lazım olan keyfiyyətləri verib. Sürəti, keçidləri, qapı qarşısına ötürmələri – çox şey var onda.
Yeganə problemi dəlisov olması və bir çox hallarda hərəkətlərini çərçivədə saxlaya bilməməsidir ki, idmançı üçün bu, olduqca vacib amildir.
“Bayer”lə səfər, “Ayaks”la Bakıdakı oyunlarda qırmızı vərəqə alaraq “Qarabağ”ı çətin vəziyyətdə qoyan Cəfərquliyevin hər iki halda hakimlərə qarşı qeyri-etik hərəkətləri ilə ciddi müzakirələrə səbəb olmuşdu.
Noyabrda millinin heyətində Estoniya ilə matçda aldığı növbəti “sarı”ya görə İsveç səfərində komandaya kömək edə bilməməsi də ayrı mövzudur.
Elvinin bütün bunları göz önünə gətirəndən sonra özünü ən yaxşı saymadığını açıq şəkildə etiraf etməsi alqışlanmalı haldır.
Toral isə ilin ən yaxşısı seçilən futbolçunun növbəti il zəiflər sırasında görünməsi ənənəsini qıraraq 2025-də daha artığını etməlidir.
HƏBİB / SPORTİNFO.AZ