Ölkənin ən istedadlı futbolçularından olmuş Mahmud Qurbanovun müsahibəsini oxudum.
Qol.az-a danışan təcrübəli mütəxəssis ünvanlanacaq sualları əvvəldən təxmin etsəydi, sizi inandırım, danışmayacaqdı.
Diqqət yetirək:
- Mahmud Qurbanovun hazırda futbolda çalışmamasında problem nədir?
- Bunu danışsam, bir az çox danışacam.
- Buyurun, danışın.
- Danışsam, bəzi insanların xoşuna gəlməyəcək. Daha doğrusu, çox adamın. Onsuz da gəlmir... Ən yaxşısı odur ki, danışmayım.
- Danışmaq sizə hər hansı problem yaradacaq?
- Yox. Bir gün ətraflı danışarıq.
Həmkarım Qurbanovun həqiqətləri açması üçün çox çalışıb, az qala yalvarıb ki, danışsın, təki gizlinlərdən hər kəsin xəbəri olsun.
Mahmud bəy oxu atlıb yayı gizlədib. Bunu niyə edib?
Xox gəlib də öz aləmində.
Yəni ki, ey başda oturanlar, bildiklərimi mətbuata açıqlasam, sizə problem yaranacaq. Mənə də iş verin, susaraq başımı aşağı salıb, işimi görüm. Hamı necə, mən də elə.
Bəlkə düz demirəm?
Yoxsa, işsiz qalmasının əsl səbəblərini bildiyi halda, niyə susur? Niyə kim(lər)insə xoşuna gəlməyəcəyindən ehtiyat edir? Niyə başqa tarixi nişan verir?
Düz edirsiniz, Mahmud Qurbanov. Danışmayın, verilişlərə çıxmayın, acı həqiqətlərin üstünü açmayın, içinizdə saxlayın. Siz də susun, o biri də sussun, bu biri də.
Sonra söhbət ölkə futbolunun biabırçı vəziyyətindən düşəndə, hər şeyi atın uşaq futbolunun üstünə. Halbuki, ən böyük problem futbolumuzda sizin kimi keçmiş futbolçuların və futbol mütəxəssislərinin olmasıdır.
AFFA-da işləyəndə illərlə ağzına su alıb oturan, İcraiyyə Komitəsindən uzaqlaşdırılanda assosiasiyanın keçmiş və indiki rəhbərlərini “baltalayan” İsgəndər Cavadov var ha, sizin ondan zərrə qədər fərqiniz yoxdur.
Siz də bir gün danışarsınız. Əliniz hər yerdən üzüləndə.
HƏBİB / SPORTİNFO.AZ