COP29

"Bakı küçələrində Messimaniya"

01:50 Hadisə 117
"Bakı küçələrində Messimaniya"

Futbol əfsanəsi Lionel Messi və “İnter Mayami”dəki oyundaşları Luis Suares, Serxio Buskets və Jordi Albanın Azərbaycana səfəri Argentina mediasının da diqqətindən yayınmayıb.

Argentinalı jurnalistlər ulduz futbolçunun Bakı macərasının maraqlı məqamlarına toxunublar.

"La Nacion" Messinin Azərbaycana gəlib-getməsini "ildırımsürətli səfər" adlandıraraq belə bir məlumat yayıb: "Messi qeyri-adi bölgəyə səyahəti ilə hər kəsi təəccübləndirib. Argentinalı üç ən yaxşı dostu və komanda yoldaşı ilə birlikdə Qərbi Asiya və Şərqi Avropa arasında yerləşən ölkədə olub".

"Ole" argentinalı futbolçunun ölkəmizə səfəri ilə bağlı yazını "Messi Azərbaycanda nə edir: azarkeşlərin çılğınlığı" başlığı ilə təqdim edib.
Məqalədə deyilir: "Hansı ölkəyə getməsindən asılı olmayaraq, dünyanın istənilən yerində Messi həmişə çılğınlıq yaradır. Azərbaycan da istisna olmayıb. Orada məskunlaşacaqları hotelə gedərkən onları böyük azarkeş izdihamı qarşılayıb. “İnter Mayami”nin oyunçularının hansı hoteldə qalacaqları məlum olanda oradakı bütün mövcud otaqlar rezervasiya edilib. Bu, "10 nömrə" yə olan sevginin hansı səviyyəyə çata biləcəyinə dair daha bir sübutdur".

"Messi Azərbaycanda çılğınlığa səbəb oldu; oğlan uşağı onunla görüşərkən göz yaşlarına boğuldu" yazan "Posta Deportes" sözlərinə belə davam edib: "Messini qucaqlayaraq ağlayan bir uşağın şəkli bütün dünyaya yayılıb".

"Azərbaycan Messimaniya ilə çılğınlıq yaşayır" (“Telemundo”) deyən, "Messi Azərbaycana xeyriyyə səfəri ilə sürpriz edib" (“Jornadaonline”) fikri ilə çıxış edənlər də olub.

"Bakı küçələrində Messimaniya" - "Clarin"in manşeti isə belədir. Nəşr yazıya belə davam edir: "Messi üçün UEFA Çempionlar Liqası çoxdan geridə qalıb. Bu turnirin oyun günündə məşhur "10 nömrə" artıq başqa işlər görür. 37 yaşlı dünya çempionu karyerasının son hissəsindən həzz alır, MLS-də oynayır, Argentina ilə 2026-cı il dünya çempionatını xəyal edir, eyni zamanda tədbirlərə qatılmaq üçün rahat oyun təqvimindən yararlanır, hətta dünyanın o biri tərəfinə də gedə bilir. Qısa müddətə Almaniyada "Adidas"ın ofisinə baş çəkdikdən sonra Messi komanda yoldaşları ilə birlikdə Azərbaycanın paytaxtı Bakıda olub. Ulduzların qaldığı beşulduzlu hoteldə boş otaqlar tükənib və onların mikroavtobusunu bu yaxınlarda argentinalı Franko Kolapintonun Formula 1-də çıxış etdiyi Bakı küçələrində avtomobil karvanı izləyib. Qafqazdakı bu həyəcanlı macəradan sonra Leo Mayami və Rosario arasında keçən tətilinə davam edir, ilin sonunu və "İnter Mayami" ilə mövsümöncəsi hazırlığı gözləyir".

Qeyd edək ki, Messi və oyundaşlarının 2025-ci il mövsümündə ilk rəsmi oyunu fevralda CONCACAF Çempionlar kuboku çərçivəsində "Sportinq Kanzas Siti"yə qarşı olacaq.

Rasim Mövsümzadə

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi