"Şəfa"nın müdafiəçisi Gülalı Mehrəliyevin başına film kimi olay gəlib.
Belə ki, İkinci Liqanın mərkəzi oyununda çempionatın geridə qalan 12 həftəsində xal itirməyən "Şahdağ" ən yaxın izləyicisi "Şəfa"nı qəbul edib.
Şamaxı Olimpiya Kompleksində keçirilən oyunun 70-ci dəqiqəsində Gülalı üz nahiyəsindən ağır xəsarət alıb.
Meydanı xərəkdə tərk edən futbolçu birbaşa Şamaxı şəhər xəstəxanasına aparılıb.
Burada həkimlərin diaqnozu hər kəsi sevindirib. Bildirilib ki, hər hansı sınıq, çıxıq yoxdur.
Arxa xətt oyunçusu yenidən arenaya üz tutub. Matçdan sonra isə komandanın avtobusu ilə Bakıya qayıdıb.
O, getdikcə ağrının artdığını hiss edincə müayinə üçün bu dəfə paytaxtdakı xəstəxanaya üz tutub.
Və məlum olub ki, Şamaxıda ona səhv diaqnoz qoyulub.
Təkrar müayinə zamanı onun üzündə iki yerdən sınıq olması aşkarlanıb.
Nəhayət, ertəsi gün futbolçu 1 saylı Şəhər Kliniki Xəstəxanasında əməliyyat olunub.
XANOĞLAN / SPORTİNFO.AZ