Dünən Azərbaycan futbolunda daha bir biabırçı hal yaşanıb.
AFFA-nın Hakimlər Komitəsində U-15 liqasında keçirilməli olan "EFA" - "Qəbələ" oyununa hakim təyin etməyi unudub.
Bu haqda əvvəlcə "Qəbələ" Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb.
O yazıb: “Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır.
Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub.
Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.
AFFA-nın xidmətinin rəhbəri Elnur Məmmədli isə baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirib: "Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib.
Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq".
Redaksiyamız məlum olayla bağlı bir sıra məlumat əldə edib.
Saytımıza məlum olub ki, bu yanlışa Hakimlər Komitəsinin Hakimlər Departamentinin rəisi Ömər Paşayev yol verib. belə ki, 6 ay öncə Cavid Cəlilovun yerinə təyinat alan keçmiş referi U-15 Liqasının ötən turlarından təxirə salınmış matçın nə vaxt təşkil ediləcəyini yaddan çıxarıb.
Qarşılaşma saat 15:00-da başlamalı imiş. Komandalar saat 16:30-a qədər gözləyib. Bu zaman daha bir şok olay yaşanıb.
Tərəflər hakimin olmaması barədə AFFA-ya məlumat verib, bir qədər sonra Milli Aviasiya Akademiyasının stadionuna 4 «fit sahibi» təşrif buyurub.
Demə, onlar Bakıətrafı qəsəbələrin birində yaşayan «ədalət təmsilçiləri» olub. Federasiyanın qəfil çağırışına görə evi tez-tələsik tərk edərək, özlərini bura yetirdiklərini söyləyiblər.
AFFA-dan gələn növbəti zəngə siz də təəccüblənəcəksiz.
Belə ki, qurumun nümayəndəsi hakimlər vasitəsilə komandaların rəsmilərinə oyunu birtəhər yola vermələrini təklif edib: «Hər hissəni 35 dəqiqə oynayın, heç kimə də bu barədə nəsə deməyin».
Qarşılaşmanın iştirakçıları bununla razılaşmayıb. Havanın qaralmaq üzrə olduğunu, stadionun projektorlarının meydanı tam işıqlandırmağa gücünün çatmadığını əsas gətiriblər.
SPORTİNFO.AZ