«Xəzər Lənkəran»ın yaradıcısı Mübariz Mənsimov «Beşiktaş»a dəstək olub.
Türkiyədə yaşayan iş adamı «qara qartallar»ın «Fənərbaxça» ilə keçirdiyi İstanbul derbisini canlı izləyib.
Ölkənin tanınmış meneceri Saffet Sancaklı və digər dostlarıyla birgə stadiona yollanan biznesmen sevimli komandasının 1:0 hesablı qələbəsinə şahidlik edib.
Çemberleynin 73-cü dəqiqədə vurduğu qolla 3 xal qazanan «Beşiktaş», beləcə, onu sevindirib.
Bilindiyi kimi, yaxınlarda «Beşiktaş»da prezident seçkiləri keçiriləcək. Başqan Hasan Arat noyabrın 27-də klubun futbol şöbəsinə rəhbərlikdən istefa verib.
Futbol şöbəsinə yeni rəhbər seçilənədək bu vəzifəni müvəqqəti olaraq Hüseyin Yücel yerinə yetirəcək.
Hasan Arat 2023-cü ilin dekabrından eyni zamanda klibun futbol şöbəsinin rəhbəri idi.
"Beşiktaş"ın vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek də vəzifəsindən ayrılıb.
«Beşiktaş» fanatları M.Mənsimovu prezident postunda görür. Onlar bu məqsədlə sosial şəbəkələrdə kampaniya başladıb.
«Ağ-qaralar»ın tərəfdarları əmindir ki, azərbaycanlı oliqarx vəzifə başına keçsə, böyük pullar xərcləyəcək, «Beşiktaş»ı daha iddialı duruma gətirəcək.
Mənsimov 20 ildən artıqdır «qara qartallar»ın pərəstişkarıdır. O, vaxtilə konqres üzvü olub, klubun daxili həyatında yaxından-uzaqdan iştirak eləyib, bəzi transfer əməliyyatlarının həyata keçirilməsinə vəsait ayırıb.
Lənkəranlı holdinq sahibi uzun müddət idi ki, stadionlarda görünmürdü. Axırıncı dəfə bir neçə il öncə «Beşiktaş»ın matçına getmiş Mənsimov, görünür, indi həqiqətən prezidentliyə iddialıdır.
SPORTİNFO.AZ