COP29

“Qarabağ”ın dünyanın aparıcı klubları ilə yaratdığı alyans - PFL rəsmisi dedi ki...

20:00 Hadisə 129
“Qarabağ”ın dünyanın aparıcı klubları ilə yaratdığı alyans - PFL rəsmisi dedi ki...

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan üçün əhəmiyyəti barədə uzun uzadı danışmağa ehtiyac yoxdur.

Ölkə olaraq artıq indidən bu cür məsuliyyətli tədbirin öhdəsindən layiqincə gəldiyimizi deyə bilərik”.

Bunu Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev deyib.

Bilindiyi kimi, “Qarabağ” COP29 çərçivəsində möhtəşəm layihəyə imza aidı. Belə ki, dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansı yaradıldı.

PFL rəsmisi bu tədbirin böyük əhəmiyyət daşıdığını bildirib:

“Peşəkar Futbol Liqası olaraq əməkdaşlarımızdan mən və texniki-idman direktoru Elgiz Abasov akkreditasiyadan keçmişdik.

Elxan Səmədov və Aslan Şahgəldiyevin qatılmama səbəbi isə hər kəsə bəllidir. Sağlıq durumları ilə bağlı çox həssas dönəmdədirlər.

Həftənin bütün günlərində ağır fiziki bərpa prosesləri (fizioterapiya) keçirlər. Onlar işə gəlsələr belə, həkimlər çox hərəkət etmələrinə qadağa qoyub.

Ümumilikdə isə bir çox tədbirlərdə iştirak etdik ki, “Qarabağ” futbol klubunun təşkilatçılığı ilə keçirilən tədbir də bunlardan biri idi.

Klub tərəfindən dəvət gəldi və biz də böyük məmnuniyyətlə qəbul etdik. Bilirsiz ki, həmin gün ölkəmizdə futbolla əlaqədar digər bir tədbir də var idi.

Millimiz Qəbələdə Millətlər Liqasının C divizionu çərçivəsində Estoniyanı qəbul edirdi. Bilirsiz ki, Peşəkar Futbol Liqası təmsilçiləri hər zaman millinin oyunlarında iştirak edir.

“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbir, sözsüz ki, həm də ölkəmiz üçün çox önəmli PR idi.

Burada eyni zamanda “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarının bu sahə üzrə nümayəndələrinin iqlim dəyişikliyinə aparan səbəblərin qarşısını almaq üçün apardıqları PR gedişləri və bunun həm də marketinqlə əlaqələndirilməsi işlərindən danışacaqları gözlənilirdi.

Belədə məsləhət oldu ki, bu tədbirə media və marketinq departamentinin rəhbəri olaraq mən qatılım, Elgiz bəy isə millinin oyununda iştirak etsin.

Belə də oldu. Burada edilən çıxışlardan özüm üçün yetəri qədər qeydlər götürmüşəm.

Məsələn, “Porto”nun təmsilçisi stadionların suvarılması sistemində rütubətə necə nəzarət etmələrindən və hər dəfə bütün meydanı yox, yalnız quruması sürətli gedən hissələrinin suvarılmasından danışdı ki, onların istifadə etdikləri cihazlar şəxsən mənim üçün çox maraqlı idi.

Bununla yanaşı, kanalizasiya sularını təmizləyib suvarmada yararlanmaları da diqqətimi çəkdi. Təsəvvür edin ki, azarkeşlərin ayaqyolunda istifadə etdikləri suyu belə təmizləyib sonradan suvarmada istifadə edirlər.

“Liverpul” stadionun ətrafından quşlar və kirpilər üçün məkan yaradıb. Azacıq aralıda sahə götürüb orada əkin-biçin aparır və məhsullarından futbolçuların qidalanmasında istifadə edir.

“Atletiko” da suvarmada xüsusi texnikadan yaralanır. Nəmişlik sensorları quraşdırıb və rütubət yalnız 20 faizə enəndə meydanı suvarırlar.

“Tottenhem” günəş panellərindən istifadə edir və hətta enerjinin satışına da başlayıblar. “Udineze” tullantılardan hazırlanmış formalardan istifadə edərək mesaj verirlər. Bir sözlə, burada çox maraqlı məlumatlar paylaşıldı

. Bu məlumatların PR edilməsi, yayılması yalnız və yalnız xoş geridönüşlər gətirə bilər. Bir daha “Qarabağ”a dəvətə görə təşəkkür edirik”.

Digər Xəbərlər
Xəbər Lenti