COP29

Onların işi qanımızı qaraltmaqdır, sizinki bizi güldürmək…

14 Oktyabr 01:10 Hadisə 1 203
Onların işi qanımızı qaraltmaqdır,  sizinki bizi güldürmək…

Son bir həftə çox yorucu keçib mənim üçün.

Səfərlər, səfərlər…

Təyyarə ilə Bakıdan İzmirə, sonra təzədən İzmirdən Bakıya. Bu elədi hardasa 7 saat. Sonra Bakıdan yenə təyyarə ilə Tallinə ki, bu da olsun 5 saat. Sonra ordan gəmi ilə 2 saat yarımla Helsinkiyə, sonra yenə eyni vaxta Helsinkidən Tallinə. Bu da olsun əlavə 5 saat. Tallindən də yenə 5 saata Bakıya.

Bir həftənin tam bir günü havada, suda qalmaq. Amma giley-güzar etməyim.

Yaxşı səfərdən yorulmaq olarmı heç?

Mənim təcrübəmdə yol yox, futbol, daha doğrusu, futboldakı uğursuz nəticələrdi adamı yoran.

Estoniya kimi qeyri-futbol ölkəsinə belə uduzmağımızdır. Ordan - Tallindən də çox məyus halda geri qayıtmağımız.

Amma siz indi haqlı olaraq soruşa biləriniz ki, yaxşı, sənin uzun yolçuluğuna, millinin də uğursuzluğuna Ənvər Abbasovun, Fərda Xudaverdiyevin nə dəxli?

Birbaşa mətləbə keçim və Ənvərdən başlayım ki, o, həm də yaxşı futbol azarkeşidir.

Amma hər şeydən öncə yaxşı aktyordur ki, bunu da hamımız bilirik. Ənvərin güclü sənət adamı olduğunu təsdiq edən isə təkcə onun aktyor kimi yaratdığı koloritli obrazlar (ağdamlı, gürcüstanlı və sair.) deyil, əlbəttə.

Mənə görə, Ənvərin bugünə qədərki şah əsərləri həm də onun iti yumora söykənən ssenariləridir. Ənvərin özünün aktyor kimi yer almadığı əsərlərdə belə onun ssenarist kimi imzası, möhürü var. Özü də elə-belə yox a, mürəkkəbi quramayacaq möhürdən.

Heyf ki, belə güclü istedad bəlkə də maddi məcburiyyətdən az qala hər gün ssenari yazmalı olur. Bir dəfə onun gecə vaxtı Bakı bulvarının sakitliyində ssenari yazıb İnstaqramda paylaşması maraqlı gəlmişdi mənə.

Əlbəttə, zəhmətkeş, əziyyət çəkən insan gec-tez layiq olduğu həqiqi dəyəri alır. “Quran”da deyildiyi kimi, Allah zəhmət çəkən insanları sevir və mükafatlandırır.

İndi siz təsəvvür edin, Ənvər Avropada, ya Amerikada yaşayardı, yaxud heç Avropaya, Amerikaya getməyə də gərək yoxdu. Elə burada, öz el-obamızda yüksək qonorar qarşılığında ildə cəmi 3-4, amma daha samballı ssenari yazardı. Bu, müasir Azərbaycanın yumor səhnəsində daha güclü partlayış ola bilərdi.

Əlbəttə, Ənvər və onun ideyalarını “Komedixana”da, “Kadrlar şöbəsi”ndə və digər proyektlərdə həyata keçirən uğurlu və istedadlı komandası da var. Onlarsız bu iş yarımçıq olardı. Və o komandanın, futbol termini ilə ifadə etsək, başqa bir qoleadoru da var: Fərda Xudaverdiyev.

O da bir futbol azarkeşi, bildiyimə görə, həm də yaxşı oxucudur. Xatırəmdədir ki, mənim futbolumuzdakı problemlərə dair yazılarıma da Ənvər və Fərda rəylərini özümə yazmaqla bildirmişdilər.

Odur ki, hər ikisinin milli komandamızın bugünkü ağır mənzərisini də ürəkağrısı ilə izlədiyini güman edirəm. Və ümid edirəm ki, yaxın vaxlarda Ənvər, Fərda və onların komandasında yer alan digər istedadlı aktyorlarımız futbolumuzun bu qara dövrünə yaradacaqları səhnəcik və incə yumorları ilə mübasibət bildirəcəklər.

Hələliksə son yolçuluğumun məyusluğunu Ənvərin, Fərdanın da baş rolda yer aldığı “Kadrlar şöbəsi”nin bir neçə bölümünə baxmaqla unutmağa çalışıram.

Alınır da.

Bakıya qayıdandan üzümdə bir təbəssüm yaranır.

Ənvərə salam olsun.

Fərdaya salam olsun.

Bütün komandanıza salam olsun!

Sizin komanda bizim komandadan - futbol komandamızdan daha faydalıdı bu camaat üçün.

Onların işi qanımızı qaraltmaqdır, sizinki bizi güldürmək…

Odur ki, yaşayın, yaradın!

… O Əflatun müəllimdən də axır ki, istifadə edin:))

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti