Premyer Liqanın 9-cu turunun maraqlı qarşılaşmalarından biri Tovuzda keçirildi.
Çempionatın iddialı klublarından olan "Zirə"ni doğma meydanda qəbul edən "Turan" 90 dəqiqənin sonunda 1:0-lıq qələbəyə sevindi.
Matçın gərginliyi hakimin final fitindən sonra da davam etdi.
Öncə Roderik Millerlə Giorgi Papunaşvili arasında insident yaşandı.
Davamında isə meydan sahiblərinin kapitanı Şəhriyar Əliyevlə qonaqların baş məşqçisi Rəşad Sadıqov üz-üzə gəldi.
Tərəflər arasında oyunun gedişində başlayan mübahisə paltardəyişmə otaqlarına gedən tunelə kimi davam edib.
Sadıqovu özündən çıxaran isə Əliyevin Rafael Utziqə qarşı sərt oynaması olub.
Gənc mütəxəssisi ətrafdakıların eşidəcəyi tonda milli üzvünə "sanki meydana futbolçularımı zədələməyə çıxmısan. Sən hər zaman bizə qarşı bilərəkdən belə oynayırsan" - deyə irad bildirib.
Qələbəni qeyd etmək üçün yoldaşlarının yanına tələsən "4 nömrə" geri qayıdaraq, "Bu futboldur. Hər birimiz meydana qələbə üçün çıxırıq. "Zirə"nin oyunçularına qarşı bilərəkdən kobud oynamağımdan söhbət gedə bilməz. Sizə və komandanıza hər zaman hörmətlə yanaşmışam" - deyə cavab verib.
Yalnız bundan sonra tərəflər əl sıxaraq fərqli istiqamətə yan alıblar.
XANOĞLAN/SPORTİNFO.AZ