“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” qanunlara uyğun olaraq baxır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirliyin qəbul etdiyi inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara (bundan sonra − yeni sahibkar) ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər.
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1−18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);
- investisiya təşviqi sənədinin əsli;
- investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.
Nazirlik 2-ci hissədə nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” qanunlara uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.