COP29

“Anamın sözünü yerə salmadım, mənə dedi ki...”

30 Sentyabr 09:00 Hadisə 1 768
“Anamın sözünü yerə salmadım, mənə dedi ki...”

Sportinfo.az xəbər verir ki, olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Fərid bəy, “Paris-2024" Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi nəticəni necə dəyərləndirirsiniz?

- Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunurdu. İdmançılarımız 7 medal qazandı - iki qızıl, iki gümüş, üç bürünc medal. Təbii ki, nəticələr daha yaxşı, qızıl medallarımızın sayı daha çox ola bilərdi. Düşünürəm ki, taekvondo idman növündə yarışan Qaşım Maqomedov zədə almasaydı, qalib ola bilərdi. Boksçularımızdan da qızıl medal gözlənilirdi. Boksçu Alfonso Dominqes bürünc medala sahib oldu. Yunan-Roma güləşindən də ümidimiz yüksək idi. Həsrət Cəfərovdan qızıl medal gözləyirdik, amma bürünclə kifayətlənməli oldu. Murad Məmmədov da yarışı medalla başa vura bilərdi, amma ilk görüşdən məğlub oldu. Yunan-Roma güləşçisi Sənan Süleymanov arış öncəsi ayağından ciddi zədə aldı, özünü tam göstərə bilmədi. Medal sıralanmasına görə Azərbaycan 30-cu sırada idi. Düşünürəm ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında daha yüksək nəticə göstərə bilərdik. Hər halda, idmançılarımız Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyevin (100 kiloqram) qızıl medal qazanması yüksək nəticədir və sevindirici haldır.

- Cüdoçu Hidayət Heydərov Parisdə 73 kiloqram çəki dərəcəsində fransalı Con Benjamin Qabanı finalda üstələməklə olimpiadanın qızıl medalı qazandı. Bu haqda təəssüratlarınızı eşitmək istərdik.

- Hidayət Heydərovun və Zelim Kotsoyevin qələbəsi gözləniləniydi. Keçdikləri idman yolundan bəlli idi ki, yüksək nəticə göstərəcəklər. Hidayət Heydərov Olimpiya, Dünya və dördqat Avropa çempionudur. Yay Olimpiya Oyunları digər yarışlardan psixoloji və ab-hava baxımından fərqlidir. Xüsusilə, ilk dəfə iştirak edən idmançılar o ab-havanı tuta bilmirlər. Olimpiya Oyunlarında psixoloji təzyiq fərqli olur. Dünya və Avropa çempionatlarında bütün idman növündən hər il yarışlar təşkil edilir. Amma Yay Olimpiya Oyunları dörd ildən bir olur. Yay Olimpiya Oyunlarında seçilən idmançılar iştirak edirlər. Düzdür, Dünya və Avropa Çempionatından fərqli olaraq Yay Olimpiya Oyunlarında çəki dərəcələrində idmançı sayı az olur. Amma rəqabət çox böyük olur.

- Növbəti Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə idmançıların qalib gəlməsi üçün nə etməyi düşünürsünüz?

- Bu gün idman sahəsi daha çox inkişaf edib. Əvvəlki illərdə komandalarda həkim, masajisti olmayıb. Ümumiyyətlə, yaxşı komandanın həkimi, masajisti, fizioterapevti, dietoloqu, psixoloqu olmalıdır. İnkişaf edən ölkələrdə qeyd etdiyim amillərin hamısı var. Bu təminat tam olanda idmançının yarışlara hazırlıq prosesi rahat keçir. Təbii ki, öncə idman federasiyalarında qeyd etdiyim amillər düzəlməlidir. Bunlar isə maliyyə ilə bağlıdır. Elə federasiyalar var ki, onların maliyyə imkanları zəif olduğuna görə həkim, masajist kimi yardımçı vasitələrdən kənarda qalırlar. İdmançının qalib gəlməsi üçün bütün amillər işlək olmalıdır. Yığma komandada iştirak edən məşqçilər korpusu, köməkçi heyət, həkim personalı və sair hamısı müvafiq xidməti göstərməlidir.

- Yunan-Roma güləşi üzrə Həsrət Cəfərov 67 kq çəki dərəcəsində bürünc medal qazanıb. Siz isə ondan qızıl medal gözlədiyinizi vurğuladınız...

- Həsrət Cəfərov çox perspektivli idmançıdır, cəmi 21 yaşı var. Onun növbəti Olimpiya Oyunlarına yaxşı hazırlaşıb, qızıl medal qazanmaq şansı daha böyükdür. Öz üzərində daha çox çalışmalıdır. Müəyyən taktiki və texniki vərdiş, bacarıqlar üzərində daha çox işləməlidir. O, artıq olimpiya iştirakçısıdır, rəqibləri oyununu daha çox təhlil edəcəklər.

- "Paris-2024" Yay Olimpiya Oyunlarında sərbəst güləş idman növündən də qızıl medal qazanan idmançımız yoxdur. Sizcə, bunun səbəbi nədi?

- Azərbaycanın olimpiya tarixinə nəzər salsaq görərik ki, qazandığımız medalların çox hissəsi güləşçilərimizin payına düşür. Ona görə də azarkeşlərdə belə fikir formalaşır ki, həmişə güləş idman növündən qızıl medal qazanılmalıdır. Güləşə ölkəmizdə həvəs böyükdür. Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bu idman növünün inkişafı ilə bağlı lazım olan addımları atır və müvafiq tövsiyələrini verir. Lazım olan hər şərait yaradılıb və idmançılarımız qayğı ilə əhatə olunublar. Sadəcə, idmanda öncədən nəticəni demək mümkün deyil. Bir gün, bir gecə idmançı rahat yata bilmirsə, səhər öz performansını göstərə bilməz. Yenə təkrar edirəm ki, güləşdə lazımı şərait yaradılıb. Sadəcə idmançı və məşqçilər yaxşı şəraitdən düzgün və sağlam istifadə etməlidirlər.-

İdman ölkəsi olan Azərbaycanda gəncləri idmana cəlb etmək üçün təşviqedici amilləri nədə görürsünüz?

- İlk növbədə idman strukturu yaxşı olmalıdır. İdman sahəsində təbliğat gücləndirilməlidir. "Sağlam bədəndə sağlam ruh olar", "İdman sağlamlıqdır", "Pis vərdişlərdən uzaq olmalıdır" və sair tipli təbliğat işi genişləndirilməlidir. Bakıdan çox regionlarımızda təbliğata fikir verilməlidir. Gənclərimizə sağlam həyat tərzini aşılamaq lazımdır. Məşhur idmançıların həyatı və fəaliyyəti ilə bağlı sənədli filmlər çəkilməli və təqdim edilməlidir. 2017-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsində Olimpiya Həmrəyliyi Fondunun və Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Olimpiya Odisseyası” proqramı həyata keçirilmişdi. Orada Olimpiya çempionları haqqında filmlər çəkilmişdi. Biz həmin filmləri regionlarımızda təqdim edirdik. İdmançı özünün həyatı və fəaliyyəti haqqında məlumat verirdi. Bu isə gənclərdə idman sahəsinə böyük maraq yaradırdı. Onlar idmançının müəyyən pilləyə necə əziyyət və çalışmalarla gəldiyini görürdülər.

- Sizə Olimpiya çempionu olmaq üçün daha çox stimul verən nə idi?

- Bu məsələdə ən önəmli səbəb Olimpiya çempionu olmaq və ailəmi çətin vəziyyətdən çıxarmaq istəyi oldu.

- İlk qonorarınız nə qədər idi?..

- Əvvəllər idman sahəsində maliyyə o qədər zəif idi ki, yarışda qələbə qazananda belə medal da yox, sadəcə kağız parçası verirdilər. Hərdən güldan və sair kimi əşyalar da olurdu..İlk qazancım məktəb illərinə təsadüf etdi. Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbi bitirmişəm. Məktəb direktoru əlaçı şagirdə o vaxtkı pulla 1000 manat - "1 Məmməd" verirdi. Mən isə əlaçı idim. Pulu alan kimi dostlarımla məktəbin bufetinə gedirdik.

- Bəs, yarışdan ilk qonorarınız?..

- İlk dəfə beynəlxalq yarışda 1997-ci ildə iştirak etdim və orada ikinci yerə çıxdım. On beş yaşım vardı, mənə çatan mükafatı ailəmə verdim. Mənim idman sahəsində uğur əldə etməyimdə məşqçilərim Elçin Cəfərovun və Əliqulu Həsənoğlunun əməyi böyükdür. Bununla yanaşı uşaqlıq illərimdə nizam-intizamlı idim və güləş idman növünü çox sevirdim.

- İdmançının yüksək nailiyyət əldə etməsi üçün nələr əsasdır?

- İlk növbədə idmançının sağlamlığı yerində olmalıdır. Onunla psixoloqlar çalışmalıdır. Psixoloq idmançının ətrafında dırnaqarası dostların çoxalmasına və idmançının ulduz xəstəliyinə tutulmasına imkan verməmilidir. İdman bu kimi halları bağışlamaz. Eyni zamanda rəqiblər düzgün təhlil edilməlidir. Mənə indi də elə gəlir ki, idmandan vaxtından tez ayrılmışam. Onun da səbəbləri var, zədələrimin sayı çox olub. Ona görə 27 yaşımda idmandan uzaqlaşdım. Axırıncı zədəmdən sonra anama da söz verdim, anam mənim güləşməyimi istəmirdi. Anam deyirdi ki, mənə sənin medalın maraqlı deyil, canının sağlam olmasını istəyirəm. Axırıncı dəfə çənəm sınmışdı. Düzdür, bu gün idmandan tez uzaqlaşdığım üçün təəssüf hissi keçirsəm belə anamın sözünü yerə salmadım. 27 yaş idman sahəsindən getmək üçün çox tezdir. Yay Olimpiya Oyunlarında nəticə qazanan idmançılarımızın 26-27 yaşı var. Mən bütün qələbələrimi 7 il ərzində, 20 yaşından 27 yaşıma qədər əldə etmişəm. Uğurlarımı çox qısa dövrdə əldə etdim. Qismət, yenə də bu günə şükür edirəm...

Digər Xəbərlər
Xəbər Lenti