“Bu gün sadəcə müharibə iştirakçıları deyil, hər bir azərbaycanlı üçün qürur günüdür, çünki bizim uğur yolumuz 27 sentyabrdan başladı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş FIFA referisi Kamal Umudlu 27 Sentyabr – Anım Günü ilə bağlı danışarkən deyib.
Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilmə əməliyyatlarında fəal iştirak etmiş 29 yaşlı hakim bildirib ki, bu möhtəşəm tarixi Qələbə Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və şəhidlərin qanı ilə qazanılıb: “Torpaqlarımızın işğaldan azad edilməsində bizim çox cüzi payımız olub. Ən çox pay sahibi ön cəbhədə vuruşan əsgərlərimiz və Vətən uğrunda canlarından keçən şəhidlərimizdir. Bu, ölkəmizin şanlı tarixinə yazılmış ən önəmli qələbələrdən biridir. Məhz bundan sonra dünyanın hər bir yerində alnıaçıq və məğrur gəzə bilirik. Bunadək dünyanın bir çox ölkəsi Azərbaycanın kiçik bir dövlət olduğu qənaətində idi. Lakin hazırda bütün dünya Azərbaycanın gücünə bələddir”.
O, dövlət tərəfindən Qarabağın bərpa və yenidənqurma işlərinin aparıldığı ərazilərində futbolu dirçəltmək, inkişaf etdirmək üçün atılan addımların sevindirici olduğunu söyləyib: “Ötən il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK matçı Xankəndi şəhər stadionunda keçirildi. Bu il isə sentyabrın 19-da Prezident İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Biz bu barədə hər zaman həmkarlarımız və futbol ictimaiyyəti ilə söhbət edirik. Hamımız çox həvəsliyik. Futbolumuzun yaxın zamanda Qarabağa qayıdacağını bilmək insanı çox xoşbəxt edir. Bu, həm də Qarabağın dünyada daha da tanınmasına təkan verəcək. İllərdir o torpaqlara ayaq basa bilməyən futbolçu və hakimlər var. Çox sevindirici haldır ki, azarkeşlər də bundan sonra Qarabağda təşkil olunacaq matçları rahatlıqla gedib izləyə biləcəklər. Həmin oyunları idarə etmək bizim üçün böyük fərəh hissi olacaq”.
K.Umudlu Qarabağda keçiriləcək qarşılaşmalarda baş hakim kimi fəaliyyət göstərməyin onun üçün qürurverici an olacağını bildirib: “Həmin an yaşayacağım hissləri sözlə ifadə etmək çətindir. Xankəndidəki matçda 4-cü hakim funksiyasını yerinə yetirmişdim. Amma orada da oyunu idarə edən referi müharibə iştirakçısı olan hakim yoldaşımız Əli Əliyev idi. Azadlığı uğrunda neçə-neçə şəhidlərimizin canından keçdiyi torpaqlarımızda baş hakim kimi iş başında olmaq tamamilə fərqli hisslər yaşadacaq”.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.