COP29

AFFA xüsusi günü unutmadı, səbəbkarları bir arada topladı - MARAQLI TƏDBİR

11 İyul 22:40 Hadisə 931
AFFA xüsusi günü unutmadı, səbəbkarları bir arada topladı - MARAQLI TƏDBİR

22 İyul Milli Mətbuat Günüdür.

1875-ci ilin məhz bu günündə Bakıda ilk dəfə ana dilimizdə “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olunub.

Jurnalistlərin qarşıdan gələn bayramı münasibətilə AFFA rəsmiləri iyulun 10-da idman mediasının nümayəndələrini paytaxtımızdakı dəbdəbəli restoranların birində masaların arxasına cəmləmişdi.

Niyə bu qədər tez? Həmin gün AVRO-2024-ün yarımfinal matçında İngiltərə Niderlandla üz-üzə gəlirdi və diqqət mərkəzində olan oyunu birlikdə izləmək xoş hal sayılmışdı.

AFFA-nın baş katibi Sərxan Hacıyev idman jurnalistlərini təbrik edəndən sonra hər birimizə uğurlar arzuladı və ən qısa zamanda Azərbaycan millisini də mötəbər turnirlərin final mərhələsində çıxış edəcəyinə inandığını gizlətmədi.

Daha sonra sıra futbol viktorinasına çatdı. Azərbaycan və dünya futbolu ilə bağlı ünvanlanan suallara doğru cavab verməklə hədiyyə qazanmaq şansı yaradılmışdı. Hər masadan bir qalib müəyyənləşdi ki, AFFA-nın ayırdığı simvolik hədiyyələr öz sahiblərini tapdı.

Türkiyə - Avstriya qarşılaşmasının son dəqiqələrində Mert Günokun qurtarışına “kosmik seyv, inanılmaz refleks, ilahi müdaxilə” reaksiyası ilə damğa vuran həmkarımız Tural Dadaşov da bizimlə idi.

Həmin an hansı hislər keçirdiyini bölüşən Dadaşov, gündəmə düşən sözlərin əvvəldən hazırlanan planın tərkib hissəsi olmadığını deyib, Günokun seyvinə uyğun ani refleks olduğunu gizlətmədi. Bu dərəcədə ajiotaj doğuracağının səmimi etirafını da etdi.

Bir sözlə, bayramdan öncə bayram ab-havalı tədbir yerinə düşdü. Diqqət göstərən AFFA rəsmilərinə təşəkkür edir, 2028-ci ildəki Avropa çempionatında Azərbaycan millisini final mərhələsində görməyi, azərbaycanlı jurnalistlərin stadionlardan reportaj hazırlamasını diləyirik.

Media nümayəndələri üçün bundan gözəl bayram hədiyyəsi ola bilməz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti