“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion” ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
UEFA noyabrın 28-də Bakıda təşkil olunacaq görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib.
Meydanda yaşananlara Nenad Minakoviç nəzarət edəcək. Yan xətlərdə ona Nikola Boroviçlə Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
35 yaşlı referinin zəngin təcrübəyə sahib olduğunu demək çətindir. Serbiyanın yüksək dəstə oyunlarına 2017-ci ildən təyinat alsa da, baş hakim kimi beynəlxalq dərəcəli matçlarda 2022-ci ildən görünməyə başlayıb.
Bu müddətdə avrokuboklarda 9 görüşdə ədaləti qoruyub ki, heç bir halda yolu bizimkilərlə kəsişməyib.
Milli komandalar səviyyəsində cəmi 3 qarşılaşmada fit çalan Nenad, oyunların birində Bakıya səfər edib. Və həmin görüş – 2023-cü ilin sentyabrın 9-da keçirilən Azərbaycan – Belçika dueli olub. Bu qarşılaşma səbəbkarın hakimlik karyerasında ilk rəsmi milli oyun olub.
Ötən il “Liv Bona Dea Arena”da baş tutan matçda Belçika yığmamızı 1:0 hesabı ilə üstələyib.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ