
Bu gün “ASCO Arena”da nəfəslər kəsiləcək.
Elitada qalmaq uğrunda mübarizə aparan iki komanda üz-üzə gələcək ki, “Səbail” gərgin qarşılaşmada “Şamaxı”nı qəbul edəcək.
Qış fasiləsindən sonra kifayət qədər uğurlu təsir bağışlayan “dənizçilər”in yaxşı formada olduğunu deyə bilərik.
Ölkə kubokunda “Qarabağ”a məğlubiyyətə baxmayaraq, Cavid Hüseynovun çalışdırdığı kollektiv rəqibinə çətin anlar yaşatmış, hətta qol da vurmuşdu.
Bu komanda son çempionat oyunlarında avrokuboklara vəsiqəyə iddia edən “Turan Tovuz”, “Sabah” və “Araz-Naxçıvan” kimi rəqibləri ilə bərabərə qalmağı bacarıb.
Təəssüf ki, eyni sözləri şamaxılılar haqda demək mümkün deyil. Belajdi Pusi kimi aparıcı hücumçusunu itirən bölgə təmsilçisi Leroy Corcun zədədən sonra ideal formasından əziyyət çəkməsinə üzülür. Elə buna görədir ki, “şirlər” qeyri-sabit nəticələrlə diqqət çəkir. Xüsusən səfər matçlarında.
“Şamaxı” cari mövsümdə rəqib meydanında keçirdiyi matçlarda cəmi iki qələbəyə sevinib ki, sonuncu belə hadisə ötən ilin sentyabrında yaşanıb. Tovuzda “Kəpəz”i udan Ayxan Abbasovun yetirmələri son 5 ayda səfərdə keçirdiyi 9 qarşılaşmanın 7-də məğlub olub, 2-də bərabərə qalıb.
Bu oyun turnir cədvəlindəki vəziyyət baxımından olduqca önəmlidir. Hazırda “Səbail” 18 xalla sonuncu, “Şamaxı” 21 xalla 8-cidir. Bu, o deməkdir ki, “dənizçilər”in mümkün qələbəsi onları sonunculuqdan xilas edəcək. Şamaxılılar qalib gəlsə, axırıncı pillə ilə xal fərqi 6-ya yüksələcək. İndiki məqamda bu, olduqca ciddi rəqəmdir.
Oyuna prinsipiallıq qatan şəxs Cavid Hüseynovdur. Əvvəla ona görə ki, gənc çalışdırıcı Premyer Liqada ilk dəfə baş məşqçilik həyəcanını hiss etdiyi komandaya qarşı dayanacaq.
2023 /24 mövsümündə “Şamaxı”nı çalışdırmış mütəxəssis mövsümün yekunlarına əsasən bölgə təmsilçisini elitada saxlaya bilməmiş, çox keçmədən buradan ayrılmışdı.
Maraqlıdır ki, Premyer Liqa ilə vidalaşmaq məhz “Səbail”lə dueldə rəsmiləşmişdi. Və həmin Hüseynov hazırda “Səbail”in nəticələrinə cavabdehlik daşıyır.
“Dənizçilər”in son oyunlarda sərgilədiyi futbolu və əldə etdiyi nəticələri, “şirlər”in isə səfər qarşılaşmalarında uğursuz göründüyünü nəzərə alsaq, meydan sahibləri matçın favoriti görünür. Lakin qonaq komandanı Ayxan Abbasovun çalışdırdığını göz önünə gətirəndə, proqnoz verməkdə çətinlik çəkirsən.
Yeri gəlmişkən, “Şamaxı” cari mövsümdə sözügedən rəqibini uda bilməyib. İlk dövrədə “Səbail” 2:0 hesabı ilə qalib gəlib, dekabrda Şamaxıda qarlı meydanda keçirilmiş oyunda qapılara qol vurulmayıb.
“ASCO Arena”da keçirilməsi nəzərdə tutulan duel saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ