
Turun bəlkə də sonradan çox səs-küy doğuracaq qarşılaşması Tovuzda baş tutacaq.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” nominal meydan sahibi qismində əsas rəqiblərindən birincisi “Səbail”i qəbul edəcək.
Gəncəlilər Tovuzda özlərini Gəncədəki kimi hiss etməsi sirr deyil. “Kəpəz” burada həqiqətən keçilməzdir.
Hətta ikinci dövrədəki qarşılaşmada elə həmin “Səbail”i 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. “Neftçi”, “Turan Tovuz”, “Sabah” kimi komandalar üzərində qələbələr, “Qarabağ”la bərabərlik də Tovuzda qeydə alınıb.
Qərb təmsilçisinin xeyrinə işləyən məqamlardan biri də komandalarda psixoloji vəziyyətin fərqli olmasıdır. Çempionatda 7, ölkə kubokunu da saysaq 9 oyundur qələbə sevinci yaşamayan “dənizçilər” ötən turda baş məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
“Kəpəz”də isə əksinə, gül bülbülü çağırır. Rəsmiləşməsə də, yeni sponsorun ayaq səslərini eşidən məşqçi və futbolçu heyəti “nitroya basıb”.
Qeyri-sabitlik müşahidə olunmasına baxmayaraq, gəncəlilər həlledici görüşlərdən başıuca ayrılmağı bacarır(b). “Şamaxı” ilə səfər, “Səbail”lə ev oyunlarında olduğu kimi.
“Səbail” cari mövsümün bəlkə də ən vacib qarşılaşmasına çıxacaq. Lakin heyətdəki itkilər yeni baş məşqçi Elvin Məmmədovu dərindən “ah” çəkməyə məcbur edir.
Əsas heyətin iki vacib üzvü Süleyman Alluşla İlkin Muradov cəza səbəbindən görüşü kənardan izləyəcək. Qorka Laruçça üçün mövsüm başa çatıb. Ayman Buali isə ötən il aldığı zədəni hələ də tam sağalda bilməyib. Məmmədovun bu qədər itkini necə və kimlərlə dolduracağı əsas sualdır.
Azər Bağırovun baş məşqçisi olduğu komanda çempionatı hansı kollektivin tərk edəcəyi ilə bağlı müzakirələrə son qoya bilər. Bunun üçün “Səbail” üzərində qələbə qazanmaq mütləqdir.
Hazırda bayıllıların aktivində 18, gəncəlilərin 23 xal var. Nominal meydan sahibləri 90 dəqiqənin tamamında meydanı qalib tərk etsələr, fərq 8-ə yüksələcək ki, “Kəpəz” elitadakı yerini qorumaq tapşırığını 80-90 faiz həll etmiş olacaq.
Yox, yekunda gülən tərəf qonaqlar olsa, fərq 2-yə enəcək və yerdə qalan 8 turda əsl həngamə yaşanacaq.
Bu gün baş tutacaq duelin start fiti saat 16:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ