Bunları oxuyub meydana çıxın – Yeddi ildir ki...

25 Mart 18:35 Gündəm 504
Bunları oxuyub meydana çıxın – Yeddi ildir ki...

Martın 22-də Haiti millisindən üç cavabsız top buraxan Azərbaycan seçməsi növbəti sınaqla üz-üzədir.

Fernandu Santuşun rəhbərlik etdiyi komandanın növbəti yoldaşlıq görüşündəki rəqibi Belarus yığmasıdır.

“Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın hansı hesabla başa çatacağı ayrı söhbətin mövzusudur.

Oyundan əvvəl bəzi maraqlı məqamlar var ki, onları həm siz oxuculara, həm də futbolçulara çatdırmaq mütləqdir.

Azərbaycan və Belarus milliləri indiyə qədər dörd dəfə qarşılaşıb. İki halda bizimkilər qələbəyə sevinibsə, birində rəqib komanda gülən tərəf olub. Digər halda matç heç-heçə qurtarıb.

Belarus millisi Azərbaycanla oyunlarda ilk və son qələbəsini 2018-ci ilin martında (yoldaşlıq görüşü) əldə edib. Son yeddi ildə biri sınaq matçında, ikisi Millətlər Liqasında olmaqla üç oyunun heç birində bizimkilər uduzmayıb.

Belaruslular son iki görüşdə millimizin qapısına yol tapa bilməyib. Sonuncu dəfə 2021-ci ildə Emil Balayev topu tordan çıxarıb.

Belarus seçməsi ötən ilin martından bu yana beş yoldaşlıq görüşündə qüvvəsini sınayıb. İlk dördündə qol vura bilməyərək uduzan yığmamızın rəqibi bir neçə gün əvvəl – martın 20-də Tacikistanı darmadağın etməklə uğursuz seriyaya son qoyub – 5:0.

Azərbaycan millisi son bir ildə beş yoldaşlıq oyunu keçirməklə iki qələbə qazanıb, iki dəfə məğlub olub, bir matç heç-heçə başa çatıb.

Hazırda Belarus seçməsini çalışdıran ispaniyalı baş məşqçi Karlos Alos 2017-ci ilin yayında “Kayrat”da Kaxaber Tsxadadzeni əvəzləyib. Gürcüstanlı mütəxəssis hazırda ölkəmizdə “Qəbələ”ni çalışdırır.

Faktlardan da göründüyü kimi, Belarus heç də xoş günlərini yaşamır. Xüsusən yığmamızla matçlardakı statistika Haitiyə ağır yenilgidən sonra qələbəyə sevinəcəyimizə dair ümid yaradır.

Təbii ki, məğlub olmağa adət etmiş futbolçularımız bunu bacarsalar. .Əks halda, Belarus Tacikistanın ardınca Azərbaycan üzərindəki qalibiyyətlə ruhlanacaq.

Bu axşam “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!