
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu təmirə bağlanıb.
Uzun illərdir yararsız vəziyyətə düşmüş təbii ot örtüyü tamamilə yenilənir.
İstismar müddəti bitmiş qazon artıq yerli-dibli şumlanıb.
Klubdan saytımıza bildirilib ki, stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə 2015-ci ildə bərpa edilib:
“Nəzərə alsaq ki, bu tip yenilənmələr 5-6 ildən bir aparılmalıdır, uzunmüddətli istifadədən sonra bizim stadionun ot örtüyünün də yenilənməsinə ehtiyac var idi.
Buna görə də 18 dekabr tarixində keçirilən “Şəmkir" - “Lerik” oyunundan sonra baş məşqçi Vüqar Nadirovun təşəbbüsü ilə stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması barədə qərar qəbul edilib. Meydan tam bərpa edildikdən sonra yenidən istifadəyə veriləcək”.
O da bildirilib ki, yenidənqurma işləri klub rəhbərliyinin və rayonun imkanlı sahibkarlarının birgə köməkliyi ilə aparılır. Bu aksiyaya bir neçə iş adamı qoşulub və qısa müddətdə lazım olan vəsait toplanıb.
II Liqada yarışan “Şəmkir” ev oyunlarını bu arenada keçirirdi.
Əyalət təmsilçisindən redaksiyamıza verilən məlumata görə, qazonun mayın sonunadək təhvil verilməsi nəzərdə tutulub. Komanda bu müddətdə rəqiblərini Gəncə şəhər stadionunun ehtiyat meydançasında qəbul edəcək.
2 dəfə Azərbaycan çempionu olan “Şəmkir” (1999-2000 və 2000-2001 mövsümü) UEFA Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN