
Azərbaycan kubokundan 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
Azərbaycan kubokundan 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
Fevralın 6-da baş tutan ilk qarşılaşmada Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə ilə cavab oyunu öncəsi üstünlük əldə edib.
Odur ki, cavab duelinin hansı məcrada keçəcəyini, 90 dəqiqə ərzindəki yaşanacaq gərginliyi indidən hiss etmək çətin deyil.
Bu, cari mövsümdə qazandığı nəticələrlə yaxşı mənada təəccübləndirən “Araz-Naxçıvan” üçün tarixi şansdır.
“Qırmızı-ağlar” “Zirə” səddini keçəcəyi halda tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqəni bayram edəcək və çox güman, “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək.
Düzdür, Elmar Baxşıyev baş məşqçi qismində “Qəbələ” ilə bu sevinci yaşayıb, hətta adını ölkə kubokunu qazanmış mütəxəssislərin sırasına yazdırıb. Lakin naxçıvanlılar tarixi ilkin arzusundadır.
“Araz”ın mümkün qələbəsi həm də komandanın özünə gəlməsinə təkan ola bilər. Premyer Liqada sonuncu qələbəsini yanvarın 26-da “Neftçi” üzərində qazanan Muxtar Respublika təmsilçisi çempionatdakı son 4 oyunda qələbə və qol üzünə həsrət qalıb.
Yeri gəlmişkən, komandanın əsas qol ümidi Ramon Maçado zədə səbəbindən bu matçda da komandasına kömək edə bilməyəcək.
Oyuna rəng qatan başqa bir məqam komandaların cari Premyer Liqa mövsümündə şəxsi görüşlərində qeydə alınan nəticələrdir.
İlk dövrədə “Liv Bona Dea Arena”dakı qarşılaşmada komandalar hərəyə 1 qol vurmaqla meydanı 1 xalla tərk etmişdisə, noyabrda Zirədə gerçəkləşən dueldə naxçıvanlılar 1:0 hesablı qələbəyə sevinmişdi.
Qış fasiləsindən sonraki ilk turda yenə Zirədə reallaşan oyunda, lakin bu dəfə meydan sahibləri 1:0-ı bayram etmişdi.
Beləliklə, Rəşad Sadıqovla Elmar Baxşıyevin cari mövsümdəki duellərinin 3-də 1:0 hesabı qeydə alınıb, 1-də oyun 1:1 başa çatıb. Matçlar bütün hallarda, statistiklərin dili ilə desək “alt” gəlib. İki halda Baxşıyev sevinib, birində Sadıqov.
Fevralın 28-də Zirə İdman Kompleksinin meydanında baş tutacaq görüşün start fiti saat 16:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ