Rəşad Sadıqov futbolumuzun yararsız adamına SƏSSİZ QALMADI

19 Fevral 17:20 Gündəm 2 782
Rəşad Sadıqov futbolumuzun yararsız adamına SƏSSİZ QALMADI

Azərbaycan Premyer Liqasında növbəti mövsüm legioner limiti olmayacaq.

AFFA İcraiyyə Komitəsinin bu qərarından hələ həftələr əvvəl başlayan müzakirələr bu gün də davam edir.

Premyer Liqada çalışan baş məşqçilər ayrı-ayrılıqda öz mövqeyini ortaya qoyub.

Aşağı-yuxarı təcrübəli futbol mütəxəssislərimizin hamısı danışıb.

Mətbuatda leyhinə və ya əleyhinə olacaq
qalaq-qalaq yazılar gedib.

Azarkeşlər də müxtəlif platformalarda öz mövqeyini dilə gətirib.

Danışmayan yeganə adam Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşdur.

Onun lal-dinməz qalmasına Rəşad Sadıqovun da səbri çatmadı. O, mətbuata açıqlamasında "Bu məsələdə birinci danışmalı adam milli komandanın baş məşqçisi olmalıdır. O şərh verməlidir ki, qərardan sonra milli futbolçuların gələcəyini necə görür".

Sadıqov haqlı və yerində irad bildirib. Deməli, biz yox, həm də Sadıqovla bərabər bütün futbol camiəsi yığma komandanın çalışdırıcısının qərarı şərh etməsini gözləyirmiş. Ki, bəlkə, sehrli çübuğu var, toxunduracaq milliyə və uğurlar yağış kimi başımıza yağacaq. Ortaya çıxsın, desin, hamımız rahatlaşaq.

Santuş nə birinci danışdı, nə də sonuncu danışana oxşayır.

Biz klublarımızın baş məşqçilərindən, mütəxəssislərdən fikir almadan öncə portuqaliyalı mütəxəssisə üz tutmuşduq.

9 yanvar tarixində olan həmin sorğumuza AFFA-nın mətbuat xidmətindən mənfi cavab gəldi. Bildirildi ki, qərar qüvvəyə minmədən cənab Santuşun nəsə deməsi doğru olmaz.

Biz də gözləmə mövqeyi tutduq.

3 fevral tarixində qərar rəsmən qüvvəyə mindi.

Ümid edirdik ki, ən qısa müddətdə əcnəbi mütəxəssis öz mövqeyini bildirəcək.

Onun vecsiz davranışını nə az, nə çox 16 gün gözlədik. 17 fevral qərarı şərh etməsi üçün AFFA-ya təkrar sorğu göndərdik. Bilək ki, bu adam həyatda var?

2 sutka ötüb, Santuşdan "dınq" da yoxdur.

Görünür, Birinci Liqanın, Əvəzedici Liqanın oyunlarına getməyə vaxt tapan adam önəmli məsələ barədə fikir bildirməyə lüzum görmədi.

Bir sözlə, limitin ləğvindən sonra hər kəs milli komandanın taleyini düşündüyü məqamda 70 yaşlı mütəxəssis ağzına su alıb oturmağı seçdi.

Bu həm də o anlama gəlir ki, Azərbaycan millisi kimi, azərbaycanlı məşqçilərin, azarkeşlərin, mütəxəssislərin də narahatlığı Avropa çempionunun vecinə deyil.

Bunun adı ölkənin bir nömrəli komandasını D liqasına aparacaq qədər xeyirsiz birinə yaraşan qabiliyyət(sizlik)dir.

Beləsindən nə Sadıqov mövqe umsun, nə də biz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”