![Elxan Səmədov PFL prezidenti postu ilə vidalaşarsa… İKİ NAMİZƏD VAR](https://www.sportinfo.az/media/2025/02/13/201201_a76df99mxx.jpg)
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna iki namizəd var.
Saytımız bu yöndə yeni məlumat əldə edib.
Redaksiyamıza daxil olan son informasiyaya görə, PFL-in rəhbərliyinə gətirilməsi gözlənilən şəxslərdən biri yerli, digəri isə türkiyəlidir.
Artıq onlarla ayrı-ayrılıqda görüşlər keçirilib, mümkün təyinatla bağlı fikirləri öyrənilib.
Qurumun hazırkı başqanı Elxan Səmədovun personasına və fəaliyyətinə münasibət birmənalı deyil.
Rövnəq Abdullayev AFFA-nın prezidenti postundan sonra onu və adamlarını İcraiyyə Komitəsinin iclaslarında görmürük. Adi müşahidəçi qismində olsa belə.
Elxan Səmədov 2007-ci ildən AFFA-da çalışıb. O, Murad Məmmədovun Hakimlər Komitəsinə sədrlik etdiyi dönəmdə komitənin üzvlərindən biri olub.
2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında təchizat direktoru vəzifəsini yerinə yetirib.
14 ildən artıq müddətdə federasiyanın icraçı vitse-prezdenti və baş katibi işləmiş Elxan Məmmədovun yaxın adamlarındandır. Məhz onun istəyi ilə Premyer Liqada VAR Sisteminin qurulumasına cavabdehlik daşıyıb.
2022-ci ilin iyulundan PFL-in başındadır. Amma ölkə çempionatını təşkil edən qurumun başına Elxan Məmmədovun köməkliyi ilə gəlməyib.
Bu işdə gənclər və idman naziri Fərid Qayıbovdan birbaşa dəstək alıb.
Onun Ramin Musayevin yerinə namizədliyi məhz adıçəkilən nazir tərəfindən irəli sürülüb və həmin vaxt AFFA prezidenti olan Rövnəq Abdullayev bu təyinata qarşı çıxmayıb. GİN-nin başçısı ilə konfliktə girməmək üçün.
Federasiyanın yeni rəhbərliyinin Qayıbovla münasibətlərində isə böyük məsafə var.
İdman naziri özünə yaxın bildiyi şəxslərin heç birini AFFA-nın idarəetmə aparatında, həmçinin İcraiyyə Komitəsində yerləşdirə bilməyib. Eləcə də Elxan Səmədovu.
SPORTİNFO.AZ