2024-cü ilin iyununda «Qəbələ»dən ayrılan və 1 ay sonra «Şerif»lə müqavilə imzalayan Əyyub Allaşın Moldova macərası başa çatıb.
Mərakeşli yarımmüdafiəçi Tiraspol təmsilçisi ilə 2 illik sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Üç il öncə Çempionlar Liqasının qrupp mərhələsində mübarizə aparmış «Şerif»də ilk «11-lik» oyunçusu ola bilməyən və son vaxtlar daha çox ehtiyatda qalan ərəb legioner karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Moldovalıların heyətində Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə «Zirə»yə qol vurmuş Allaş hazırda iki klub arasında qalıb.
O, ya «Turan Tovuz»un formasını geyinəcək, ya da «Araz-Naxçıvan»ın. Böyük ehtimalla, üstünlüyü ikincilərə verəcək.
Çünki burada «Qəbələ»dən tanıdığı məşqçilər - Elmar Baxşıyevlə Rasim Ramaldanov çalışır.
Digər tərəfdən, «qırmızı-qaralar»ın heyətində çiyin-çiyinə oynadığı bir neçə futbolçu indi Muxtar Respublika komandasının formasını geyinir.
Əyyub 2023-cü ilin yanvar ayından "Qəbələ"də çıxış edirdi. 27 yaşlı orta sahə oyunçusu son mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ