COP29

Yeni klub sponsoru da Ehtiram Quliyev kimi sözünün arxasından qaçacaq?

19:40 Gündəm 387
Yeni klub sponsoru da Ehtiram Quliyev kimi sözünün arxasından qaçacaq?

"Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub. İlk növbədə bazanı, infrastrukturu yaratmaq istəyirik. Premyer Liqaya bazamız, yataqxanamız olmadan, yaxud hansısa problemlə qalxmaq istəmirik".

Bu fikirləri 1-ci Liqada mübarizə aparan “Mingəçevir” ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov səsləndirib.

Adamın ağlından keçən ilk "avazın yaxşı gəlir, oxuduğun quran" olsa fikri keçir.

Axı ilk başda belə vədlər verən sponsorlar az görməmişik.

Ən bariz nümunəsi yaxın keçmişdə "Turan Tovuz"un sponsoru olan "Huner Group"un rəhbəri Ehtiram Quliyevdir.

Tanınmış iş adamı 2023-cü ilin fevral ayında bölgə klubunun başına keçəndə ilk açıqlaması eyni məzmunda olmuşdu:

"Təkcə əsas komandaya yox, uşaq futboluna da diqqət ayıracağıq. Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidi. Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək".

Əslində, ilk vaxtlar Quliyev dediyini əməlində göstərirdi.

Stadionun işıq dirəkləri dəyişdi, tablo yeniləndi, akademiya binası tikilməyə başladı.

Ayxan Abbasovla 3 illik yeni anlaşma imzalandı. Və...

Təəssüf ki, biz bunun ardını görə bilmədik. O, açıqlamasında dediyi kimi 5-10 il nədir, heç 3 il səbrli davrana bilmədi.

Cəmi 1,5 il sonra bir anın içində hədəfləri dəyişdi. Baş məşqçi postuna Kurban Berdiyev gətirildi. Futbolçuların maaşı iki dəfə artırıldı.

Qarşıya avrokuboklara getmək məqsədi qoyuldu.

Bunun fonunda isə stadionun bərbad örtüyünün dəyişdirilməsi təxirə salındı.

Akademiya binası hələ də hazır deyil.

Tovuzda yeni bazanın tikilməsi üçün alınan ərazində fundament belə tökülməyib.

Ümid edək ki, ASTA rəhbərliyi eyni yolu getməyəcək.

Mingəçevir futbol şəhəridir. Bu bölgəyə sponsor gəlməsi nəinki yerli camaatı, hətta bütün futbol ictimaiyyətini sevindirir.

Amma stabillik, uzun vadədə işin görülməsi, infrastrukturun qurulması ən azı yeni sponsorun tapılması qədər önəmlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti