COP29

Legioner limitinin ləğv edilməsinə qarşı kütləvi ETİRAZ BAŞ QALDIRDI!

9 Yanvar 14:00 Gündəm 1 171
Legioner limitinin ləğv edilməsinə qarşı kütləvi ETİRAZ BAŞ QALDIRDI!

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi gündəmin əsas mövzusudur.

Hətta yaxın müddətdə AFFA İcraiyyə Komitəsinin iclasında qərarın qüvvəyə minəcəyi yayılan iddialar arasındadır.

Əbəs deyik ki, hazırda 7+4 olan qaydanın növbəti mövsümdən tamamilə ləğv olunması futbol ictimaiyyətində geniş müzakirə olunur.

Təbii ki, belə məqamda mütəxəssis fikri önəmli rol almalıdır.

Biz də bunu əldə əsas tutaraq üz tutduq Premyer Liqada çalışan baş məşqçilərə.

Görəsən, qərar qüvvəyə minsə, bu addım Azərbaycan futbolunun inkişafına yol açacaqmı?

Səlahiyyətiniz olsaydı limitin ləğv edilməsinin lehinə, yoxsa əleyhinə səs verərdiniz?

Təxminən 1 sutkadan artıq gözləməyimizə baxmayaraq nə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdan, nə də "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyevdən sorğumuza reaksiya gəlmədi.

Susmaq razılıq əlamətidir. Kim bilir, bəlkə də türkmənistanlı Berdiyev kimi, azərbaycanlı Sadıqov üçün də limitin ləğv edilməsi arzuolunandır.

Biz isə onların səssizliyi fonunda danışan digər 8 mütəxəssisin fikirlərini sizə təqdim edirik.

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi):

"İcariyyə komitəsinin üzvü olduğumu nəzərə alsaq, rəsmi hər hansı bir qərar qəbul olunmadan fikir bildirməyim doğru olmaz. Sözugedən məsələ ilə bağlı hər hansı dəyişiklik rəsmi şəkildə qəbul olunarsa, bu barədə fikirlərimi açıqlayacağam".

Ayxan Abbasov ("Şamaxı"nın baş məşqçisi): "Mən tərəfdarıyam ki, növbəti mövsüm limit 8+3 formatında olsun. Sonrakı mövsümlər klub sayını artırmaqla yenidən limit məsələsinə baxmaq olar. Bunun üçün Premyer Liqada klub sayı ən azı 14 olmalıdır. Xüsusilə orta səviyyəli komandalar çoxalmalıdır. İlk növbədə bunu düşünmək lazımdır. Say artmaqla bərabər şərait yaxşılaşdırılmalıdır. Bu gün Birinci Liqada çempionatın vəziyyəti çox acınacaqlıdır. Orada futbolçu necə inkişaf edə bilər? Futbolun inkişafı üçün bu işlər paralel olmalıdır. Bu gün legioner limitini ləğv etməklə yaxşı nəsə əldə etməyəcəyik. Real danışası olsaq, bu gün mənim üçün "Şamaxı"ya legioner gətirmək yerli futbolçu gətirməkdən asandır. Bəlkə də mənim üçün daha asan olacaq. Amma ümumi baxası olsaq, komanda sayı artırılandan sonra limitin ləğvinə baxmaq olar. Bir anda belə qərar vermək ağır olar. Bir daha təkrar edirəm ki, ilk növbədə klub sayı artırılmalı və şərait yaxşılaşdırılmalıdır. Əgər səlahiyyətim olsaydı, klubları məcbur edərdim ki, dövlətin ayırdığı pulla şəraiti düzəltsinlər".

Vasili Berezutski ("Sabah"ın baş məşqçisi): "Dünyanın istənilən ölkəsində limitin əleyhinəyəm. Mən futbolçuların bir-biri ilə rəqabət aparmasının tərəfdarıyam. Müxtəlif ölkələrdə keçirilən bir çox çempionatların təcrübəsindən də göründüyü kimi, limit heç də futbolun inkişafına gətirib çıxarmır.

Ona görə də Azərbaycan, Rusiya, Çin, Avropa, Amerika və ya başqa bir yerdə tətbiqindən asılı olmayaraq, limitin istər komandada olan rəqabətə, istər futbolçuların keyfiyyətinə, istərsə də gənc futbolçuların inkişafına çox mənfi təsir etdiyini düşünürəm".

Vaqif Cavadov ("Sumqayıt"ın baş məşqşisi): "Mən hətta tərəfdarıyam ki, limit 6+5 olsun. Daha çox azərbaycanlı futbolçuların oynamasını istəyirəm. İnfrastruktura, akademiyalara, Birinci Liqanın inkişafına diqqət ayırsaq daha yaxşı olar. Bu mənim istəyim və təklifimdir. Amma qərar nə olacaqsa hörmətlə yanaşacağıq".

Azər Bağırov ( "Kəpəz"in baş məşqçisi): "Birmənalı şəkildə limitin ləğv edilməsinin əleyhinəyəm. Hər dəfə verilən qərarlara görə Azərbaycan futbolu böyük problemlər yaşayıb. Bu gün də yaşamaqdadır. Bir neçə il əvvəl 1998 təvəllüdlü uşaqlarla bağlı limit tətbiq ediləndən sonra konkret olaraq 1996-97 təvəllüdlü futbolçuların genosidi baş verdi. 22 yaşında qoca sayıldıqları üçün heç birinci liqa klublarına da lazım olmadılar. Nəticədə həmin futbolçular yoxa çıxdılar. Futbolçu qıtlığından danışırıq. Amma bu gün bəzi komandalarda ilk "18-lik"də belə yer almayan uşaqların digər komandalara gedişinə maneə yaradılır. Gedib başqa komandalarda inkişaf etməsindən narahat olanlar var. Biz bu gün həmin problemlərin həllinə baxmalıyıq. Futbolçuların yoxluğundan danışırıq, amma gözümüzün önündə nə qədər futbolçu batıb gedir. Ortaya normal siyahı çıxartmaq olar. 10-15 dəqiqə şans vermək oynatmaq deyil. Meydançaya buraxmırlar, başqa komandaya da vermirlər. Qərar verəndə baxmaq lazımdır ki, Premyer Liqa və digər liqalara necə təsir edəcək. Hamısını araşdırmaq lazımdır. Bir qərarla 3-4 klub məmnun ola bilər, amma digərləri üçün acınacaqlı vəziyyət yaranacaq. Bu gün özünə azərbaycanlı deyən kimsə istəməz ki, milli komanda hər oyunda böyük hesabla məğlub olsun. Sonra düzələcək deyə bir şey yoxdur. Bu gün hamı milli komanda üçün çalışmalıdır. Ora futbolçu verməyi düşünməlidir. Hər bir klubun prioriteti bu olmalıdır".

Samir Abasov ("Neftçi"nin baş məşqçisi): "Düzü, indi bu barədə fikirləşməyə vaxtımız yoxdur. Fikrimiz komandamızın yanındadır. Amma sualınıza cavab olaraq deyim ki, bu cür qərar olacağı təqdirdə belə bunun Azərbaycan futboluna necə təsir edəcəyini indidən proqnozlaşdırmaq çətindir.

Qərar qəbul etmək səlahiyyəti İcraiyyə Komitəsindədir. Mən baş məşqçiyəm. Qərar nə olacaqsa, işimizi də ona uyğun qurmağa çalışacağıq".

Cavid Hüseynov ("Səbail"in baş məşqçisi):

Əgər legioner limiti ləğv olunsa, imkanlı klublara heç bir problem olmayacaq. Əsas məqam odur ki, çempionatda klub sayı az olduğu üçün belədə yerli futbolçuların əksəriyyəti ya Birinci Liqaya üz tutacaq, ya da futbolu atacaq. Birinci Liqada da vəziyyət ürəkaçan deyil. Ora gedənləri də orada itirəcəyik. Mən limitin ləğv edilməsinin əleyhinəyəm".

Elmar Baxşıyev ("Araz-Naxçıvan"ın baş məşqçisi): "Təbii ki, qərarı aidiyyatı qurum verir. Biz sadəcə öz fikrimizi açıqlaya bilərik. Limitin tamamilə ləğv edilməsinin əleyhinəyəm. Hazırkı limit qənaətbəxşdir. Yerli futbolçular legionerlərlə bir yerdə oynamaqla artıra bilərlər. Onları tamamailə kənara atmaq olmaz. Limitin ləğvindənsə, uşaq futboluna diqqəti artırmalı, akademiyaları gücləndirməli, aşağı yaş qrupuna aid komandalar arasında çempionatda rəqabət yaratmalı, uşaq futbolunda çalışan məşqçilərin təhsilini və təcrübəsini artırmasına nail olmalıyıq. Bu problemlər həll olunmalıdır. Limitin ləğv olunması qərarını dəstəkləmirəm".

Beləliklə yalnız Vasili Berezutski legioner limitinin ləğvini dəstəkləyib. Qurban Qurbanov İcraiyyə Komitəsinin üzvü olduğu üçün geniş şərh verməyib.

Samir Abasovun neytral mövqeyi fonunda digər baş məşqçilər hamısı limitin ləğv edilməsinə qarşı çıxıb.

Ümid edək ki, sonda əksəriyyəti futbola yad şəxslərdən formalaşmış İcraiyyə Komitəsinin üzvlərinin yox, futbol mütəxəssislərinin mövqeyi əsas götürüləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!