COP29

Mirabdulla, Abdukodir və Juninyo...

01:20 Gündəm 573
Mirabdulla, Abdukodir və Juninyo...

Mirabdulla Abbasovu çoxdan unutmuşduq.

30 yaşı bu ilin aprelində tamam olacaq hücumçu bir vaxtlar Azərbaycan futbolunun gələcəyi hesab olunurdu, ona böyük ümidlər bəslənilirdi.

Hətta "Neftçi”nin azarkeşləri qısa müddət milli komandaya rəhbərlik edən Qurban Qurbanovu qınayırdılar. İddia edirdilər ki, mütəxəssis "Neftçi”nin futbolçusuna qarşı haqsızlıq edir, onu milliyə çağırmır.

Mirabdullanın karyerasının parlaq dövrü çox qısa sürdü. Maddi və mənəvi mənada şöhrətin zirvəsinə çatdı, sürətlə zəngin oldu, azarkeşlər tərəfindən sevildi. Və həmin o zirvədə davam gətirə bilmədi. Enişi də elə yüksəlişi kimi sürətli oldu. Necə deyərlər, qısa müddətdə şöhrətin zirvəsinə necə sürətlə yüksəlmişdisə, həmin sürətlə də aşağıya doğru yuvarlandı. Deməli, o zirvədə tab gətirməyə nə psixoloji, nə də fiziki baxımdan hazır deyilmiş. Əvvəlcə "Neftçi”dəki yerini itirdi, ondan sonra da ümumiyyətlə, "kölgə”yə çəkildi. Bir ara səsi "Səbail”in düşərgəsindən gəlsə də, orda da özünü göstər bilmədi və unuduldu.

Mirabdullanı ona görə xatırladım ki, onun yenidən "böyük futbol”a qayıtmağa çalışdığı barədə xəbər oxudum. "Dənizçilər”in baş məşqçisi Cavid Hüseynov xüsusiylə vurğulayıb ki, Abbasova görə çox da ziyana düşməyəcəklər, ona yenidən məşq etmək və futbola qayıtmaq üçün şans veriblər. Bəribaşdan qeyd edim ki, mən Mirabdullanın cəsarətini də, Cavid bəyin ona şans verməsini də alqışlayıram. Ümid edirəm ki, Abbasov bu şansdan yararlanacaq, "Səbail” onu yenidən Azərbaycan futboluna qazandıracaq.

Amma hər şey başqa cür də ola bilərdi. Mirabdulla Abbasov və Azərbaycan klubları futbola bir qədər peşəkar yanaşsaydılar, indi 30 yaşlı futbolçu futbola qayıtmaq barədə yox, karyerasını daha yaxşı şəkildə davam etdirmək barədə düşünərdi. Kim bilir, bəlkə də legioner həyatı yaşayardı, xaricdə klubunu dəyişərdi. Günah təkcə onda deyil. Mirabdulla Abbasov azərbaycanlı futbolçunun tipik obrazıdır. Çoxları onun kimi bu yollları keçir və bu yolu sona qədər gedə bilmir. Bir az şöhrət və pul qazanan kimi azərbaycanlı futbolçular özlərini "ulduz” hesab etməyə başlayırlar. Sonra da qazandıqları maddi və mənəvi sərvətləri bir-bir itirirlər. Ayılanda isə çox gec olur.

Abdukodir Xusanov isə Özbəkistan futbolunun yetirməsidir, özbək futbolçuların tipik nümunəsidir. 20 yaşında Fransanın "Lans” klubunda çıxış edir. Artıq bir neçə daha tanınmış klubun maraq dairəsinə düşüb. Ona elçi düşənlər arasında "Mançester Siti” də var. İngiltərə çempionu dəyəri 12 milyon avro qiymətləndirilən mərkəz müdafiəçisini yaxından izləyir, onu transfer siyahısına salıb. Bizim futbolçular nəinki "Mançester Siti”nin maraq dairəsinə düşməyi bacarmır, heç "Lans” səviyyəsində bir kluba qədər gedib çıxmırlar. Onlar heç Biləcəridən o tərəfə keçməyə də həvəsli deyillər. Nəticədə də Mirabdulla Abbasov kimi 30 yaşına kimi heç bir uğur qazanmayıb, futbolda "ikinci bahar” yaşamaq həvəsinə düşürlər.

Halbuki, gənc yaşda futbola daha doğru yanaşmaqla böyük uğurlar qazanmaq olar. Kim deyirsə ki, Azərbaycan çempionatında oynamaqla irəli getmək, böyük klubların maraq dairəsinə düşmək olmaz, onu da yalan deyir. Bunun da nümunəsini "Qarabağ”a gələn və bura gələnə qədər heç kimin tanımadığı əcnəbi futbolçular bizə göstərir. Sonuncu belə nümunə Juninyodur. Adam "Qarabağ”da oynaya-oynaya qiymətini bir neçə dəfə yüksəltdi, indi də "Barselona”ya, "Real”a qarşı oynamaq üçün "Sevilya”ya dəvət alıb. Sözsüz ki, bu dəvətin arxasında "Qarabağ”ın da, Juninyonun özünün də milyonlarla avro pul qazanması da dayanır.

Bizim futbolçuların ağlını başından almaq, onları peşəkarlıqdan uzaq salmaq üçün isə 5-10 min manat kifayət edir. Onlar həmin o pulu qazanandan sonra topun arxasınca qaçmağa, məşqlərdə tər axıtmağa tənbəllik edirlər. Acı da olsaq, reallıq belədir. Ümid edək ki, vəziyyət nə zamansa dəyişəcək. Gənclər diqqətli olsunlar. Qarşınızda Mirabdullanın da, Abdukodirin də, Juninyonun da nümunəsi var. Seçim etmək sizin öhdənizə düşür (qaynarinfo).

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti