Gəncə şəhər stadionunda qızğın iş gedir.
Bunu sosial şəbəkələrdə yayılan yeni görüntülərdən də aydınlaşdırmaq mümkündür.
Türkiyə şirkətinin əməkdaşları burada gecə-gündüz çalışır.
Arenanın ərazisi böyük tikinti meydançasını xatırladır. Artıq tribunaların inşasında ilkin mərhələ başa çatıb.
1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.
Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi.
Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək, 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir.
Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.
Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.
Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq.
Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Arenanın 2025-ci ildə hazır olacağı gözlənilir. Həmin il Gəncədə keçiriləcək MDB Oyunlarının açlışının bu stadionda keçirilməsi nəzərdə tutulub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN