"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında iştirak edib.
Bu haqda Sportinfo.az-a federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli bildirib.
Onun sözlərinə görə, I Liqa təmsilçisinə sponsorluqla bağlı ASTA şirkətinin nümayəndəsi komitənin toplantısına dəvət edilib:
"O, görəcəkləri işlərlə bağlı təqdimatı nümayiş etdirdi. AFFA İcraiyyə Komitəsinin üzvləri onların planları ilə tanış oldular".
ASTA ( (Azerbaijan Sport Talents Academy) ) 2023-cü ilin iyununda yaradılıb. Bu layihənin arxasında Adnan Əhmədzadə dayanır.
SOCAR-ın sabiq vəzifəli şəxs yeni futbol projesinə böyük miqdarda vəsait ayırıb. ASTA ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycanlı yeniyetmələr qarşıdakı 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında yer alacaqlar.
Tərəflər layihənin müntəzəm davam etdirilməsini nəzərdə tutublar. 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır.
Həmin vaxt “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marset” tərəfi bununla bağlı öhdəlik götürüblər.