Həftəsonu Zirədə yerli komanda “Sumqayıt”ı qəbul edəcək.
Komandalar turnir cədvəlində qonşu olmasalar da, aralarında cəmi 4 xal fərq var. Bu, zirəlilər üçün ciddi üstünlük sayıla bilməz.
Oyuna rəng qatan başlıca məqam zirəlilərlə sumqayıtlıların “sükanı” arxasında dayanan şəxslərin kimliyidir. Birinciləri Rəşad Sadıqov, ikinciləri Vaqif Cavadov çalışdırır.
Bu iki ad-soyad sizə nə deyir?
Müstəqillik tarixində yetişən ən bacarıqlı, adlı-sanlı, titullu, daim üzdə olmağı bacarmış iki keçmiş futbolçu.
Onlar təkcə Azərbaycan millisində yox, həm də “Qarabağ”da çiyin-çiyinə oynayıblar, çətin günləri birlikdə keçiblər. İndi isə ünvanları fərqli olsa da, məsləkləri eynidir. Cəmi 4 il əvvəl karyerasını başa vuranlar indi Premyer Liqa klublarını çalışdırırlar.
Hər ikisi karyerası ərzində təcrübəli məşqçilərin sərəncamında olub. Hər ikisi nüfuzunu qorumağa çalışıb. Hər ikisi sözü demək bacarığı ilə tanınıb. Hər ikisi çılğın və emosionaldır.
“Sumqayıt”ın baş məşqçisi qismində Şahin Diniyevlə Krunoslav Renduliçə (hər ikisi istefa verib) yerini göstərən 35 yaşlı mütəxəssis ötən həftə Ayxan Abbasovla mübarizədən qalib ayrılmağı bacarmışdı.
İndi isə növbətə Rəşad Sadıqov və onun komandasıdır. Çox maraqlı olacaq.
Noyabrın 30-da Zirə İdman Komlleksinin stadionunda keçiriləcək görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ