Premyer Liqanın 14-cü turu Tovuzda açıq elan olunacaq.
Noyabrın 22-də “Kəpəz” ev oyunlarını keçirdiyi qonşu şəhərdə “Araz-Naxçıvan”ı qəbul edəcək.
Komandaların turnir cədvəlindəki mövqelərinə baxsaq, əlbəttə, gəncəlilərlə naxçıvanlıları bir-birinə tay tutmaq olmaz. Biri medal qazanmaq uğrunda mübarizə aparır, digəri elitadan düşməməyə çalışır. İmkanları və durumları fərqlidir.
Amma bir məsələ var ki, onun üzərindən elə-belə keçmək olmur.
Azər Bağırov amili və bu adamın gəlişindən sonra Nizami yurdunu təmsil edən kollektivin aparıcı komandalara badalaq vurması.
Bağırov Naxçıvan təmsilçisini I Liqaya, sonra da Premyer Liqaya yüksəldən şəxsdir. “Qırmızı-ağlar” uzun fasilədən sonra elitada mübarizəsinə məhz onun rəhbərliyi altında qoşulmuşdu. İnsaf naminə, işlər pis getmirdi.
Lakin komanda daxilində baş qaldıran dedi-qodular, bəzi qüvvələrin de-yure rəhbər Zaur Axundovla Azər Bağırov arasındakı körpüləri yandırmaq istəməsi, yekunda buna nail olması baş məşqçinin ötən mövsümün ikinci yarısında “Araz”dan ayrılması ilə nəticələnmişdi.
Sözsüz, Azər bəy keçmiş iş yerindən öz xoşu ilə gülə-gülə ayrılmamışdı.
Məcburiyyətdən atılan addım idi ki, aylardır içində başqa komandanı çalışdıranda nəyə qadir olduğunu “Araz” rəhbərliyinə sübut etmək istəyini daşıyırdı. Və həmin an yetişib.
Komandalar arasında ilk dövrədəki görüşdə baş məşqçi “Kəpəz”in başına yeni keçmişdi. Yəni kollektivi bu oyuna xüsusi şəkildə hazırlamaq üçün zamnı yox idi. İndiki durum isə fərqlidir.
“Neftçi”ylə “Səbail” üzərində qazanılan qələbələr, “Sabah”la səfər heç-heçəsi Gəncə təmsilçisinin sıradan kollektiv olmadığını göstərib. Növbədə “Araz-Naxçıvan”dır. Görək, lideri qarabaqara izləyən rəqibi büdrətməyə gücləri çatacaq.
Noyabrın 22-də baş tutacaq görüş saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ