Hər dəfə aşağı yaş milli komandalarımız məğlub olanda Premyer Liqa klublarının baş məşqçiləri hədəfə gətirilir.
Ki, gənc futbolçulara yetəri qədər şans verilmir.
Bəs əsl həqiqət necədir?
Sualımıza cavab tapmaq üçün gənclərə ən çox şans verən yerli məşqçilərdən biri olan Ayxan Abbasovla söhbətləşdik.
"Şamaxı"nın baş məşqçisi mövzu ətrafında bunları dedi:
"Mən bu fikirlə razı deyiləm. Problemi başqa yerə yönəldirik. Sual eləmək lazımdır ki, məğlub olduğumuz milli komandaların oyunçuları ölkəsinin Premyer Liqasında oynayır?
Baxsaq, elə deyil. Arasında birinci liqada, əvəzedici komandada oynayanlar var. Bu, problemin həlli deyil.
Bizim çempionatda 4-5 il limit oldu. Bütün klublar məcburi olaraq 3-4 21 yaşa qədər futbolçunu klubda saxlayırdı.
Bu da təxminən 30 yaxın gəncin Premyer Liqa klubunda oynaması demək idi. Biz orda nə qazandıq? Hansı uğurlarımız oldu? Sadəcə ortaya bəzi futbolçuları çıxara bildik.
Bu gün yüksək liqanı uşaq futbolu ilə müqayisə etməli deyilik. Premyer Liqaya hazır futbolçular gəlməlidir.
Buradakı klubların nəticəyə oynaması önəmlidir. Çünki burada avrokuboklara getmək, liqadan düşmək var.
Bəli, hansısa klub öz yolunu seçib, gəncləri oynada bilər. Gələcəkdə bunu qazanca çevirə bilər. Bu başqa məsələdir.
Və ya yaxşı futbol akademiyası olan şərt qoya bilər ki, əsas komandada yetirmələri oynamalıdır. Belə nümunələr Avropda var.
Niderland klublarından PSV və "Feyenoord"un düşərgəsində şəxsən olmuşam. Tələbləri əsas komandanın 50%-nin akademiya yetirməsi olmasıdır.
Son 5-6 ildə buna nail olublar. İndi məqsədləri göstəricini 70%-ə qaldırmaqdır.
Bizdə vəziyyət fərqlidir. Akademiyalarımız zəifdir. Turnirlərə getmirlər. Yaxşı meydançada məşq edə bilmirlər. Məşqçilərimizin inkişafı üçün iş getmir.
Bu gün bizim rəqiblərimiz sürətlə inkişaf edirlər. Problemlərimizi kökündən həll etmək üçün akademiyalar tikməliyik. Və həmin akademiyalar düzgün idarə edilməlidir.
Bir çox istedadlı uşaqlarımız 18 yaşında əsgərliyə getdiyi üçün futbolu bitirir. Ailəsində problem yaşayan uşaqlar olur.
Onları qazanmaq üçün addımlar atılmalıdır. Hansı klublarımız bu işi görür? Yoxdur rbelə klubumuz.
Klublar ayrılan büdcəni böyük çətinliklə xərclərə çatdıra bilir. Bu gün hər komandaya məşq etmək üçün 1.5 saat vaxt verilir. Zaman bitən kimi meydançadan çıxarırlar.
Gerçəkləri demək lazımdır. Premyer Liqada gənclərə şans verilmir deməklə problemin əsl səbəbləri gizlədilir".
XANOĞLAN/ SPORTİNFO.AZ