"Milli Məclisin son plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olundu.
Bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı.
Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azad olması nəzərdə tutulur".
Bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliyin elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir: "Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər". vakansiyalar
Azərbaycanda elektromobillərin artaraq benzinlə işləyən avtomobilləri bazardan sıxışdırması, eyni zamanda elektrik enerji doldurucularının çoxalması benzinin qiymətinə nə zamansa təsir edə, onu ucuzlaşdıra bilərmi?
Yeri gəlmişkən, İlon Mask növbəti inqilabi bir elektromobilini təqdim edib. "Tesla Cybercab" elektromobilinin sükanı və pedalları yoxdur. İki nəfərlik tam avtonom idarəetmə ilə şəhər nəqliyyatının ən təhlükəsiz vasitələrindən biri sayılır. Üstəlik qiyməti də 20 000 - 30 000 dollar arası olacaq. İstehsalına isə 2027-ci ildə başlanacağı bildirilir.
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, istər hibrid, istərsə də elektrikli avtomobillərə dair güzəştlərin olması gözlənilən idi: "Düşünürəm ki, qarşıdakı bu qəbildən olan güzəştlərin, yəni ekoloji baxımdan əlverişli avtomobillərin təşviqi prosesi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da davamlı xarakter daşıyacaq. Azərbaycanda COP 29-a sahiblik edən ölkə kimi növbəti ildə də yeniliklərin şahidi ola biləcəyik. Təbii ki, bu dinamika Azərbaycanda istifadə olunan avtomobillərin içərisində elektrikli avtomobillərin sayının artmasına imkan verəcək. Lakin birmənalı olaraq qeyd edim ki, yaxın və orta müddətdə biz benzinlə işləyən avtomobillərin elektriklə kütləvi əvəzlənməsini görə bilməyəcəyik. Bunun üçün bir sıra obyektiv səbəblər var. Bu təkcə mövcud infrastrukturla bağlı deyil. Bunlardan biri elektrik avtomobillərinin kifayət qədər bahalı olmasıdır. Bu bütün dünyada elektrik avtomobillərinin yayılmasına mane olan başlıca səbəbdir. Digər səbəbi isə bu avtomobillərin benzinlə işləyən avtomobillər kimi yüksək keyfiyyətlərə sahib olmamasıdır. Yüksək keyfiyyətlər dedikdə burada texniki göstəricilərdən söhbət gedir. Artıq dəfələrlə belə avtomobillərin müxtəlif səbəblərdən nasazlıqlarının peyda olmasından irəli gəlir. Hətta bu tip avtomobillərə mərkəzləşdirilmiş qaydada başqa ölkələrdən belə nəzarət mexanizminin mümkün olması faktları mövcuddur. Hətta bir neçə gün əvvəl yayılmış məlumatların birində qeyd edilib ki, ABŞ-də elektriklə işləyən istənilən nəqliyyat vasitəsini artıq polis bir kilometr radiusda müəyyən edərək onu tamamilə işləksiz vəziyyətə gətirə bilir. Yəni elektrik avtomobillərini idarə edənlərin sükan əslində öz əlində olmayacaq. Bu gələcəyin çağırışıdır. Bu faktdır. Məhz benzinlə işləyən avtomobillərin heç bir zaman "trend"dən kənarda qalmasına imkan verməyəcək. Bu gün peycerlər, telefonlar partladılırsa, təbii ki, bu tip avtomobillər də kənardan idarə edilmək imkanına malikdir".
İqtisadçı Natiq Cəfərli öz sosial media hesabında elektrik avtomobilləri ilə bağlı fərqli fikirlər bildirib: "İnsanların əksəriyyəti düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin "möcüzəsidir", amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu "elektokar" olub. Neft emalı genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb. 1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən "elektrokar" mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.
Son 15-20 ildə yenidən populyarlaşan "elektrokar" mövzusu öz "renesansını" baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə "duz, istiot" qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, "eloktrokar" mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.
Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdır.
Məsələn, bir Tesla avtobolində 5375 dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 m2 yer səthi qazılaraq 11 adda faydalı qazıntılar çıxarılmalıdır - bir daha, bu cəmi 1 "elektrokar" üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 m2 yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yararlı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm - 1 "elektrokar" üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. Hə, onu da deyim ki, 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə artmalıdır ki, ehtiyaclar ödənilsin.
Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır, amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar".
Qeyd edək ki, 2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.