“Qarabağ” – “Malmö” qarşılaşması bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində Bakıda baş tutacaq görüşdə 9 futbolçu iştirak edə bilməyəcək.
“Qarabağ”da sağ cinah müdafiəçiləri Marko Veşoviçlə Mateus Silva zədəlidir. Hər iki futbolçu müalicəsini həkim nəzarətində davam etdirir.
Markonun adı iştirak ərizəsinə salına bilər. Lakin meydana çıxması mümkünsüz görünür.
Şahruddin Məhəmmədəliyev, Amin Ramazanov və Redon Cicanın adı Avropa Liqası üçün nəzərdə tutulan siyahıya salınmayıb.
“Malmö”də də bu baxımdan narahatlıq var. Oskar Leviçki (çarpaz bağ yırtığı), Anton Tinnerholm (əzələ zədəsi), Stefano Veçila (bel zədəsi) və Sead Hakşabanoviç (qasıq zədəsi) göstərilən səbəblər üzündən meydana çıxmaqdan məhrumdur.
Oyun saatına qədər hansısa futbolçu sıradan çıxmasa, itkilər məhz bu adlarla yekunlaşacaq.
Bu axşam Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ