"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”yə (İsveç) qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Bu gün Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar.
Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək.
2016-ci ildən beynəlxalq oyunlara təyinat alan yunan referi kifayət qədər təcrübəyə sahibdir.
İndiyə qədər klublarımızın avrokubok matçlarına təyinat almasa da, “Malmö”nün oyununda iş başında olub.
2020-ci ilin sentyabrında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Macarıstanda keçirilən “Honved” – “Malmö” qarşılaşmasını məhz Papapetru idarə edib. Matç “Qarabağ”ın rəqibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Anastasios klublarımızın oyunlarında görünməsə də, Azərbaycan millisinə görə iki dəfə Bakıya səfər edib.
2022-ci ilin iyununda Millətlər Liqasında keçirilən Azərbaycan – Belarus matçına təyinat alan referi bizimkilərin 2:0 hesablı qələbəsinə şahidlik edib.
2023-cü ilin oktyabrında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Avstriya duelində də iş başında olub. Lakin bu dəfə əsas yox, dördüncü hakim qismində. Görüş avstriyalıların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ