Premyer Liqanın 8-ci turunun mərkəzi qarşılaşması “Azərsun Arena”da baş tutacaq.
Çempionluğa iddialı iki kollektiv “Qarabağ”la “Saabah” cari mövsümdə ilk dəfə üz-üzə gələcək.
Masazır təmsilçisi son illərdə ağdamlılar üçün ən çətin rəqib hesab olunur. Təkcə son 2-3 ilin statistikasına baxsaq, “Sabah”ın bir neçə qələbəsini və heç-heçələri görə bilərik. Şübhəsiz, bu dəfəki qarşılaşmada da meydan sahibləri üçün çətin keçəcək.
Qurban Qurbanovun yetirmələri sıx qrafik altında oynayır ki, komanda üzvləri cümə günü günorta saatlarında vətənə qayıdıb. Həm də uğurlu nəticə ilə yox, məğlubiyyətlə. Yəni yorğunluğun yanında bir də psixoloji gərginlik əmması var.
Baş məşqçi əsas heyətin üzvlərinə “Malmo” ilə oyunöncəsi istirahət verəcək. “Sabah”a qarşı şans qazananların əsasən ikinci planlı oyunçular olması “tələbələr”in işini bir xeyli asanlaşdıracaq.
Yeri gəlmişkən, Krunoslav Renduliçin başçılıq etdiyi kollektiv son həftələrdə formada olan 2-3 komandadan biridir. Masazırlılar 7 turda cəmi 1 dəfə məğlub olub, son 5 turun 4-də qələbəyə sevinib və hazırda lider “Araz-Naxçıvan”la xal fərqi 2-dir. “Qarabağ” isə 6 matçdan topladığı 15 xalla ikincidir.
“Sabah”ın əlinə lider taxtında əyləşmək üçün əla fürsət düşüb. “Qarabağ” üzərində mümkün məğlubiyyət “tələbələr”i birinci pilləyə yüksəldəcək. Bir şeyi də etiraf etmək lazımdır. “Qarabağ” hər halı ilə təcrübəli və təhlükəlidir. Görək...
Bu gün “Azərsun Arena”da keçiriləcək oyun saat 19:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ