COP29

Ayağa qalx, üstünü təmizlə, irəliyə bax – İRREAL

21 Sentyabr 16:40 Gündəm 608
Ayağa qalx, üstünü təmizlə, irəliyə bax – İRREAL

Ailənin (oxu: “Qarabağ”), qonşuların, nəslin ən sevimli övladıydı.

Tərbiyəsi yerində, yaraşığı üstündə, oturuş-duruşu həddində, bacarıqlı, dilli-dilavər.

Maşallah, özünü o qədər sevdirməyi bacarmışdı ki, hamı başına and içirdi. İmkanlı ailənin nümunəvi övladı statusu əyninə tikilmişdi elə bil.

O ailənin adı gələndə, ağıllarda övladın adı canlanırdı. Övladın adı gələndə, həmin ailə yada düşürdü.

Səsi-sorağı ölkə başçısı İlham Əliyevə qədər gedib çatmışdı, cənab Prezidentlə şəkil çəkdirmək həddinə qədər yüksəlmişdi.

Bu minvalla orta məktəbi, sonra da ali məktəbi qırmızı diplomla bitirmişdi.Qalırdı sonrakı bir neçə ili adına layiqli şəkildə yaşayıb, gələcək üçün karyera qurmaq.

Və günlərin birində ətrafındakı dost deyənlərin sözünə qulaq asıb, illərdir onun zəhmətini çəkən, əlindən tutub böyüdən, ölkəyə tanıdan ailəyə arxa çevirib fərqli ünvana üz tutdu (oxu: “Neftçi”).

Burada daha çox qayğı görəcəyinə, daha çox seviləcəyinə söz vermişdilər ona. Əksi yaşandı.

Ailənin başçısı, əmi, dayı, xalaoğlu, bibioğlu – heç kim onu isti qarşılamadı. Hətta günlərlə evə də buraxmadılar. Məcburən başqa yerdə gecələdiyi günlər də oldu. Axırda başını götürüb bu ailədən də qaçdı.

İndi yaşananlarla barışa bilmir, 1 il əvvəl verdiyi qərara görə elə hey başına döyür. Onu zirvəyə qaldıran ailədən üz döndərdiyinə, cah-cəlal dalınca qaçdığına, yıxılıb əl-qolunu əzdiyinə, əvvəlki nüfuzunu itirdiyinə görə özünü bağışlamır.

İllərdir min bir zəhmət bahasına qazanılan xətir-hörmət, ad-san get-gedə yoxa çıxır. İnsani keyfiyyətlərinə görə həmişə başını dik tutan adamı indi “pul hərisi” imici QARABAQARA izləyir. Bir yanlış qərarın ağırlığı altında əziyyət çəkir.

Həyat belədir, gənc oğlan. Evli olan subaylığı, subay olan evliliyi arzulayır. Uşaq ikən yaşlanmağı, yaşlananda uşaqlığı xəyal edirik. Sən də kim(lər)insə sözünə uyub özünü bu hala saldın.

Odur ki, ruhdan düşmə. Ayağa qalx, üstünü təmizlə, irəliyə bax. Özü yıxılan ağlamaz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti