COP29

20 sentyabr – Özü torpaq altında, ruhu stadionda olacaq

16:40 Gündəm 176
20 sentyabr – Özü torpaq altında, ruhu stadionda olacaq

Bu gün – 20 sentyabr “Xəmsə” azarkeş qrupunun keçmiş rəhbəri Adil dayının adı günüdür.

Yaşasaydı, 66 yaşını tamamlayacaqdı.

Yaşasaydı, “Kəpəz” – “Şamaxı” qarşılaşmasını tribunadan izləyəcəkdi.

Yaşasaydı, bəlkə də komandanın nəticələri indiki vəziyyətdə olmayacaqdı.

Adil dayı kimi tanıdığımız Adil Məmmədov 2019-cu ilin iyununda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Yaşadığı dönəmdə də “Kəpəz”in nəticələri ürəkaçan deyildi. Amma tribunadakı yerini tuturdu, bayraq açırdı, azarkeşlərin stadionda cəmlənməsi üçün əlindən gələni edirdi.

Bu gün “Kəpəz”in futbolçuları Adil dayı üçün oynayıb, ruhunu şad etməlidir. Özü torpaq altında olsa da, ruhu mütləq və mütləq Tovuzda olacaq.

Stadionda heç kimin görmədiyi yerdə dayanıb illərlə könül verdiyi komandasının çıxışını izləyəcək.

Legionerlər mütləq ki, onu tanımır. Amma gəncəlilər – Tural Rzayev, Əli və Ümid Səmədovlar, Cavad Kazımov, Mahir Həsənov mərhum azarkeşi yaxşı xatırlayır.

Elə bu futbolçular 20 sentyabrın önəmi haqda əcnəbilərə məlumat veriməlidir. Başa salmalıdılar ki, bu oyundakı 3 xalın önəmi tam başqadır.

Həm də ona görə başqadır ki, mümkün qələbə “Kəpəz”ə Premyer Liqada qalmaq üçün həyat verəcək, mübarizə əzmini qaytaracaq, “Səbail” və “Neftçi”ylə xal fərqinin azalmasına səbəb olacaq, azarkeşlərdə inam yaradacaq.

20 sentyabr – bu gün Adil dayının ad günüdür.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti