COP29

“Xəzər Lənkəran” geri qayıtsa, hansı liqada çıxış edəcək?

5 Sentyabr 15:00 Gündəm 3 483
“Xəzər Lənkəran” geri qayıtsa, hansı liqada çıxış edəcək?

Zaman-zaman “Xəzər Lənkəran”ın yenidən fəaliyyətini bərpa etməsi gündəmə gəlir.

Bu, yerli futbol azarkeşlərinin həyəcanına səbəb olur, çünki belə bir komandanın yenidən futbolumuza qayıtmasına ciddi ehtiyac var.

Xüsusilə də Lənkəranda bunu çox arzulayırlar. “Xəzər Lənkəran” 1 dəfə Premyer Liqada, 3 dəfə ölkə kubokunda, 1 dəfə ölkə superkubokunda, 1 dəfə də “Birlik Kuboku”nda çempion olub.

Bir müddətdir 2016-cı ildən bəri fəaliyyətini dayandırmış klubun yenidən böyük futbola qayıdacağı ilə bağlı iddialar səsləndirilir. Lakin bunun olacağı təqdirdə, “Xəzər Lənkəran”ın hansı liqadan mübarizəyə başlaya biləcəyi müzakirə predmetinə çevrilir.

Mövzu ilə bağlı cebheinfo.az-a açıqlama verən “Sportinfo TV”nin aparıcı-eskperti, tanınmış idman jurnalisti Elçin Cəfərov bildirib ki, “Xəzər Lənkəran” zəngin tarixi olan klubdur:

“Lənkəran təmsilçisi Premyer Liqada mübarizə apardığı dönəmdə Azərbaycan futboluna xüsusi rəng qatan komanda idi. Hətta deyərdim ki, Premyer Liqaya rəqabəti məhz “Xəzər Lənkəran” gətirdi.

Onların “Neftçi” ilə rəqabəti hər kəsə bəllidir. Azarkeşlər baxımından da klubun çox yaxşı bazası var.

Sanki şəhər futbolla nəfəs alırdı. Futbol şəhər üçün çox önəmlidir və əlavə bir məşğuliyyət idi.

“Xəzər Lənkəran”ın oyun günlərində Lənkəran yaşıl-ağ rənglərə boyanırdı. Yəni belə bir klubunun qayıtması futbolumuza güc qatacaq”.

Ekspert hesab edir ki, “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi təqdirdə, mübarizəyə I Liqadan başlaması daha yaxşı olar:

“Çünki Həvəskarlar Liqasından və ya İkinci Liqadan başlasa, müəyyən vaxta ehtiyac olacaq. Bu müddət ərzində isə klub rəhbərliyinin komandaya istənilən vəsaiti ayıracağına inanmıram.

Amma Birinci Liqadan başlayacağı və maliyyə dayaqları yaxşı olacaqsa, komandanın qısa zamanda Premyer Liqaya vəsiqə qazanacağını düşünürəm.

Birbaşa Premyer Liqadan mübarizəyə başlaması isə ədalətsizlik olardı. Məsələn, ədalətli idman mübarizəsinə görə “Qəbələ”ni Birinci Liqaya düşməsinə razılıq verildi.

Halbuki Premyer Liqada da saxlanıla bilərdi. Bu baxımdan, “Xəzər Lənkəran” geri qayıdarsa, Birinci Liqadan mübarizəyə başlamalı və maddi vəziyyəti də yaxşı olmalıdır.

Çünki ardıcıl 3-4 il Birinci Liqada mübarizə aparsa və amma maddi vəziyyəti yaxşı olmasa, azarkeşləri razı sala bilməyəcəklər”.

Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var