COP29

O “Şerif”dən qalan bircə addır – “Zirə”dəkilər bunları unutmasın!

11 İyul 19:40 Gündəm 626
O “Şerif”dən qalan bircə addır – “Zirə”dəkilər bunları unutmasın!

Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü bu gün start götürür.

Ölkə çempionatının və kubokunun son gümüş mükafatçısı “Zirə” çətin Moldova səfərində “Şerif”in önünə çıxacaq.

Sözsüz, bütün proqnozlar rəqibin xeyrinə işləyir. Tiraspolluların zəngin avrokubok təcrübəsinin qarşısında zirəlilərin “at oynatmaq” imkanı yoxdur. Hara fırladırsan fırlat, kağız üstündə “Şerif” favoritdir.

Lakin bəzi məqamlar rəqibin əleyhinə işləməklə bizimkilərin səfər görüşündə uğurlu nəticə qazanmaq şanslarını bir xeyli artırır. Bu gün Tiraspoldan heç-heçə ilə qayıtmağın özü də Rəşad Sadıqovun komandası üçün sərfəli hesab sayılacaq.

“Şerif”in heyət baxımından yenilənməsi, yəni çox sayda yeni futbolçuyla anlaşması zirəlilərin xeyrinədir. İki ay əvvəl baş məşqçi gəlib, ötən mövsüm oynayan futbolçuların əksəri ilə yollar ayrılıb. “Zirə”də bu baxımdan üzlər gülür.

Ötən mövsüm uğur qazanmağı bacaran kollektivin böyük əksəriyyəti bu gün də baş məşqçinin ixtiyarındadır. Sabitlik mənasında “qartallar” moldovalıları bir addım üstələyir.

“Şerif” doğma meydanda heç də rahat olmayacaq. Komandanın ötən mövsümü uğursuz başa vurması daxildəki ab-havanı bir xeyli gərginləşdirib, azarkeşlərlə kollektiv arasındakı təzyiqi bir xeyli artırıb.

Onlar “Zirə”ylə oyundakı mümkün uğursuzluğun hansı faciəyə yol aça biləcəyini anlayırlar. Odur ki, ilk dəqiqələrdən rəqibdə müəyyən gərginlik, həyəcan, təlaş olacaq.

Ümid verən əsas amillərdən biri “Zirə”nin “sükanı” arxasında Rəşad Sadıqovun dayanmasıdır. Bu mütəxəssis Azərbaycanda nəticə qazanmağa hesablanmış futbol oynadan məşqçi kimi tanınır.

Kubokun final qarşılaşmasında “Qarabağ”ın qarşısında “dağ qurmağı” bacaran baş məşqçinin həmin taktiki gedişdən “Şerif”lə görüşdə yararlanacağı şübhə doğurmur.

“Zirə” ötən mövsüm Premyer Liqada qapısından ən az top buraxan komanda oldu. Bu göstəricidə hətta “Qarabağ”ı da üstələdi.

O vaxtkı “Şerif”dən qalan bircə addır. Bütün faktlar Azərbaycan təmsilçisinin xeyrinə işləyir. Qalır planları meydanda həyata keçirmək və vətənə məğlub olmadan qayıtmaq.

“Şerif” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə