“Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəni davam etdirəcək”.
Bunu siyasi ekspert Beniamin Matevosyan Ermənistan parlamentində “Laçın dəhlizinin bağlanması” ilə bağlı parlament dinləmələri zamanı deyib.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məntiqi həm Praqa sənədi, həm də Vaşinqton görüşləri çərçivəsində əldə olunan razılaşmalarla faktiki olaraq düzəldilib.
Matevosyan üçtərəfli bəyanatda “Dağlıq Qarabağ”ın statusu ilə bağlı heç bir qeyd-şərt olmadığını deyib.
“Yəni bu məsələnin həlli gələcəyə buraxılacaqdı. Lakin Ermənistan Praqa və Vaşinqtonda apardığı danışıqlar nəticəsində artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Bu isə o deməkdir ki, Qarabağ mədənləri Azərbaycana məxsusdur və Bakı dəhlizə nəzarət etməlidir”, - deyə politoloq izah edib.
“Ona görə də bu gün Laçın dəhlizində baş verən hadisələr Praqa və Vaşinqtondakı proseslərin nəticəsidir”, - deyə Matevosyan bildirib.