“O, dünəndən komandanın düşərgəsindədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan”In məşqçisi Vaqif Cavadov söyləyib.
Azərbaycan millisinin qapıçısı Emil Balayevin “Turan”a keçidi rəsmiləşib. Qazaxıstan klubu “Qarabağ”dan yenicə ayrılan 28 yaşlı qolkiperlə müqavilə imzalandığını instaqram hesabı vasitəsilə açıqlayıb.
Sözləşməsinin detalları barədə heç bir məlumat verilməsə də, Emilin yeni komandasında 22 nömrəli formanı geyinəcəyi bildirilib.
Ölkəmizin əsas millisində indiyə qədər 14 oyuna çıxmış kiper 2019-cu ildə “Tobol”ın heyətində bütün yarışlarda 36 görüşdə meydana ayaq basıb.
Bu keçid elə “Tobol”dan başlayan tanışlıq hesabına gerçəkləşib. Həmin vaxt bu komandanı çalışdırmış Valeri Qazzayev yaxınlarda “Turan”ın sükanı arxasına keçib.
Türküstan vilayətini təmsil edən klubda Valeri Qazzayevin köməkçisi olan V.Cavadov E.Balayevin özünü göstərəcəyinə inandığını bildirib:
“Baş məşqçimiz Emili çoxdan tanıyır. “Tobol”da bir yerdə işləyiblər. Hər halda onun bura gəlməsində həmin tanışlıq böyük rol oynayıb.
Mən indi deyə bilmərəm ki, Emil əsas qapıçı olacaq. Özündən asılıdır. Burada rəqabət böyükdür.
Emili xeyli vaxtdır tanıyan biri kimi düşünürəm ki, o, güclü xarakterə malikdir və etimadı doğruldacaq.
Qazaxıstanda yeni mövsüm başlamaq üzrədir. Özünü göstərmək üçün kifayət qədər vaxtı olacaq”.