"Hacı Əliyev kimi idmançılarımız yaş amiliylə kariyeralarına son qoyurlar. İdman sahəsində yeni nəsil yetişir, amma onların formalaşması üçün vaxt lazımdır.
Onlar təcrübə toplamalı, fiziki- texniki hazırlıqları gücləndirməlidirlər
Təbii ki, bu sahədə inkişaf gedir. Azərbaycan Güləş Federasiyası tərəfindən hər bir şərait yaradılır".
Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan İdman Akademiyasının prorektoru, Olimpiya çempionu Fərid Mansurov millət vəkili Fazil Mustafanın sərbəst güləş idman növü haqqında tənqidi fikirlərinə münasibət bildirirərkən deyib.
Fərid Mansurovun sözlərinə görə, idman elə bir sahədir ki, qalxış-eniş dövrləri olur: "Millət vəkili Fazil Mustafaya hörmətim var. Onun sözlərində həqiqət payı az deyil. Onun fikirləri ilə tam razıyam ki, yüksək nəticə göstərən idmançılarımızı daha çox təbliğ etməli, onların təbliğatını aparmalıyıq. İstər universitet, istərsə də məktəblərdə idmançıların şəkilləri olmalıdır. Bununla gələcək nəsillər idmançılarımızı tanımalıdırlar.
Bu idman növünün zəifləməsi haqqında fikirləri isə yanlışdır, güləşi bir Olimpiya oyunu ilə müqayisə etmək düzgün deyil. Yeni nəsil dəyişikliyi var, məşqçilər işləyirlər. Güləş Federasiyası onlara şərait yaradır. İdmançını müəyyən səviyyəyə çatdırmaq üçün vaxt lazımdır. Bu sahəyə hər hansı müdaxilə olarsa və xoşagəlməz fikir səslənərsə, bu, bütün komandanı ruhdan salır.
Amma Fazil Mustafanın bəzi fikirləri ilə yuxarıda qeyd etdiyim kimi tam razıyam. İdmançıların təbliğatı nə qədər güclü olarsa, bu sahəyə bir o qədər axın çoxalar. Olimpiya, dünya və Avropa çempionlarımızı gənclərimiz daha artıq tanınmalıdırlar. Bunun üçün Gənclər və İdman Nazirliyi, eləcə də aidiyyəti federasiyalar təşəbbüs götərməlidirlər. Qələbə qazanan idmançılarımızın həyat tarixçələri haqqında gənclərimiz çox məlumatlı olsalar, idman sahəsinə maraqları daha da artar.
Yeniyetmələrimiz, gənclərimiz başa düşərlər ki, uğura gedən yol ağır və çətindir. Bunun üçün səbrli və iradəli olmaq lazımdır.
Medalın iki üzü var - görünən və görünməyən tərəfi. Görünən tərəfi hamı görür, digər tərəfini çox az adam bilir. Yaxşı olar ki, bizim yüksək nəticə əldə etmiş idmançılarımız medalın o biri üzündən də danışsınlar. Bu uşaqlarda bu sahəyə marağı daha da artıracaq".
Fərid Mansurov hesab edir ki, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bu idman növünün inkişafı ilə bağlı lazımi addımları atır və müvafiq tövsiyələrini verir: "Lazım olan hər şərait yaradılıb və idmançılarımız qayğı ilə əhatə olunublar. Biz də həmin tapşırıqları tam məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Amma işimizi daha da təkmilləşdirməliyik. Federasiyalarımız bu sahədə yüksək işlər görürlər. Məsələn, Güləş və Cüdo Federasiyaları buna nümunədir. Onu da deyim ki, işləməyən federasiyalarımız da var".
Qeyd edək ki, Fazil Mustafa güləş idman növündə son illər uğurların zəif olduğunu bildirib.