“İstərdim ki, hər şey aramızda qalsın və həll olunsun”

11 Aprel 08:40 Futzal 226
“İstərdim ki, hər şey aramızda qalsın və həll olunsun”

Bir neçə gün öncə Azərbaycanın futzal millisindən kənarlaşdırılan Rövşən Hüseynli “report”a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, qapıçı yaşananlardan sonra yığmanın baş məşqçisi Vitali Borisovla görüşdüyünü və aralarında heç bir problem olmadığını deyib.

O, həmçinin Qazaxıstanda formasını geyindiyi “Astana”nın durumundan danışıb. Azərbaycan çempionatına da toxunan qolkiper klubların şanslarını dəyərləndirib.

- Yığmanın düşərgəsindən kənarlaşdırıldıqdan sonra planlarınız necədir? Legioner həyatı yaşadığınız Qazaxıstana nə vaxt qayıdacaqsınız?

- Hələ ki, Azərbaycandayam, “Araz-Naxçıvan”la birlikdə məşq edirəm. Milli ilə səfərə getmədiyim üçün məşqləri bu komandada davam etdirirəm.

- Baş verənlərdən sonra federasiya rəhbərliyi ilə görüşünüz oldu?

- Rəhbərliklə görüşüm olmayıb. Sadəcə, anlaşılmazlıq yaşanıb. Qeyri-adi nəsə yoxdur. Hazırda hər şey qaydasındadır. 16 ildir futzalla peşəkar şəkildə məşğul oluram. Bu müdətdə bir dəfə də intizamsızlıq etməmişəm.

- Yığmanı Avropa çempionatının oyunları ərəfəsində çətin vəziyyətdə qoyduğunuzu düşünmürsünüz?

- Səhvim yoxdur, sadəcə, anlaşılmazlıq yaşanıb. Yığmadan birdəfəlik uzaqlaşdırılmamışam. Ümumiyyətlə, buna səbəb olacaq intizamsızlıq etməmişəm. Sadəcə, İsveçlə oyunda olmayacağam. Klubumla birlikdə aprelin 5-də oyun keçirmişəm. Bu səbəbdən ayın 6-da yığmada məşq edə bilməzdim. Üstəlik, gecə yol gəlmişdim.

- Yaşananlardan sonra baş məşqçi Vitali Borisovun sizi yenidən yığmaya dəvət edəcəyinə ümidiniz var?

- 15 ildir millidə əlimdən gələni etmişəm. İnşallah, bundan sonra da belə olacaq. Vitali Borisovla aramızda heç bir şəxsi qərəz, prinsip yoxdur. İstənilən məşqçi və oyunçu arasında yaşana biləcək hallardır. İstərdim ki, hər şey aramızda qalsın və həll olunsun. Sadəcə, bilmirəm, nəyə görə belə alındı və bütün ictimaiyyət bildi. Qərar çıxarılıb, hörmətlə yanaşıram. Amma bu sırf İsveçlə oyuna aiddir. Baş məşqçi ilə görüşüb danışmışam. Komanda səfərdən qayıtdıqdan sonra məşqlərə qoşulacağam. Aprelin 13-ü və 14-də keçiriləcək məşqlərdə iştirak edəcəyəm. Ayın 15-də də Xorvatiya ilə rəsmi görüş olacaq. Bu matçda oynayıb-oynamayacağımla bağlı baş məşqçi qərar verəcək. Kimi hazır görəcəksə, onu da meydançaya buraxacaq. İsveçlə oyuna getməməyim o demək deyil ki, millidən tamamilə uzaqlaşdırılmışam.

- Çıxış etdiyiniz Qazaxıstanın “Astana” komandasının durumu necədir?

- Klubda hər şey normaldır. Yəqin ki, məlumatınız var, komandada eyni zamanda qapıçılar üzrə məşqçiyəm. “Astana” ilə müqavilə bağladıqdan sonra bu barədə klub rəhbərliyi ilə görüşümüz oldu. Həmin vaxtdan bəri həm qapıçılar üzrə məşqçiyəm, həm də qapıçı kimi çıxış edirəm. Hazırda pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. 10 oyunumuz qalıb, bunların ən azı 5 və ya 6-da qalib gəlsək, pley-off şanslarımız olacaq.

- Azərbaycan klublarından təklif almısınız?

- Hazırda ölkə çempionatı davam edir. Sabiq komandam “Araz-Naxçıvan” da çempionluq uğrunda mübarizə aparır. Hələ ki, transfer barədə danışıqlarımız olmayıb.

- Yüksək Liqa ilə bağlı düşüncələriniz necədir?

- Hər şey göz qabağındadır. Rəqabət baxımından boşluqlar var. Çünki bəzən yaxşı oyunlar olur, bəzən də tur zəif keçir. Balans çox yuxarı və ya aşağı olur. Bu, yığmamız üçün də çətinliklər yaradır. Oyunçular gərginlik hiss edə bilmirlər. İnanıram ki, növbəti mövsümlərdə daha rəqabətli çempionat görəcəyik.

- Hansı komandanın çempionluq şansını daha yüksək dəyərləndirirsiniz?

- İndidən nəsə demək çətindir. Üç komanda - “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK çempionluğa əsas namizəddirlər. Aralarındakı xal fərqi də azdır. “Araz-Naxçıvan” mənim üçün doğmadır, illərlə bu klubda çıxış etmişəm. Artıq 4 ildir legioner həyatı yaşayıram. Futzala “Neftçi” İK-də başlamışam. Daha sonra Yüksək Liqada “Baku Fire” klubunda oynamışam. Sonra “Araz-Naxçıvan”a keçmişəm. Ona görə də kim güclüdürsə, o da qalib gəlsin.

Digər Xəbərlər
Xəbər Lenti