
Futzal yığmasının qapıçısı Rövşən Hüseynli düşərgədən kənarlaşdırılıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb onun intizamsızlıq etməsidir.
Bundan başqa, Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.
Əvəzində baş məşqçi Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu bura dəvət edib.
Aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.
Rövşən Hüseynli təlim-məşq toplanışı ərzində komanda ilə birlikdə bazada qalmayıb və məşqlərə evdən gəlib-getmək istədiyini bildirib. Həmçinin dünən axşam məşqindən sonra komanda yoldaşları ilə birlikdə avtobusa minməyib.
Hüseynli dünənki məşqdən sonra evə getmək istəyib, Borisov icazə verməyib.
Baş məşqçi otelə getməli olduğunu deyib, mübahisə yaranıb.
Qapıçı uzun müddətdir ailəsindən uzaq olmasını əsas gətirib, söhbəti uzadıb. Çalışdırıcı da “əgər belədirsə, birdəfəlik çıx get” söyləyib.
Qazazıstanda «Astana»nın şərəfini qoruyan qapıçı ilk dəfə deyil ki, bu cür hərəkətlərə yol verir. O, daha əvvəl də bir neçə dəfə komandanın düşərgəsini yarımçıq tərk edib.
Rövşənin milliyə münasibətinin dəyişməsinin kökündə, əslində, Vitali Borisov dayanmır. Hüseynli əvvəlki baş məşqçinin (Joze Alesio) dövründə də oxşar neqativ hərəkətlərlə yadda qalıb.
Onun problemi federasiya rəhbərliyi ilə əlaqədardır. 2022-ci ildə başlayan gərginlik onun həmin vaxt «Araz-Naxçıvan»dan «Atırau»ya keçidi ilə nəticələnmişdi.
Rövşən indi də əsas qapıçı kimi meydançaya çıxmamasınaə və kapitanlıq sarğısının qolundan açılmasına görə etirazını bu şəkildə bildirir.
SPORTİNFO.AZ