“Daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik”

27 Mart 08:20 Futzal 242
“Daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik”

"Rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının üzvü Pünhan Qasımzadə Avropa çempionatının əsas mərhələsində keçirəcəkləri matçlar haqda Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib. Futzalçı şansları dəyərləndirib:

"İlkin mərhələdəki rəqiblərimizlə bu komandaları müqayisə etmək olmaz. Ona görə daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik.

Təbii ki, rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik".

O, komandanın hazırlığı barədə də danışıb:

"Bu turnirin hazırlığına martın 16-dan başlamışıq. Bakıda 8 günlük təlim-məşq toplanışı keçirdik. Baş məşqçimiz bu müddətdə əsasən fiziki məşqlər və taktiki çalışmalar üzərində işləməyi tapşırdı.

Faydalı bir hazırlıq prosesi oldu. Ən əsası, zədələnən olmadı. Hazırlıq zamanı iki oyun keçirdik.

Onlardan biri yoxlama, digəri Yüksək Liqanın qarşılaşması idi. Xüsusilə də, lider “Baku Fire”lə görüşümüz daha maraqlı keçdi.

Ardıcıl iki oyun keçirməyimizdə məqsəd bu turnirdəki sıx oyun qrafikinə uyğunlaşmaq və güclü rəqiblərə qarşı hazır olmaq idi.

Yanvarda Avropa çempionatının ilkin mərhələsində iştirak edən heyətlə müqayisədə iki dəyişiklik var".

Qasımzadə yorğunluğa baxmayaraq, yaxşı əhval-ruhiyyədə olduqlarını bildirib:

"Yol yorğunluğuna baxmayaraq, oyunöncəsi son məşqimizə çıxdıq. Bu dəfə sırf taktiki gedişlər və standart vəziyyətlərin icrası üzərində işlədik. Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?