
“Birbaşa Bakı” hələlik qarşısıalınmaz komandadır".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Zirə”nin baş məşqçisi Elşad Quliyev minifutbol üzrə Azərbaycan çempionatının finalında “Birbaşa Bakı” ilə keçirdikləri oyunu dəyərləndirərkən deyib.
Mütəxəssis, məğlub olmalarına baxmayaraq, pis oynamadıqlarını söyləyib:
“Birbaşa Bakı” Avropanın ən güclü komandasıdır. Neçə ildir futbolçular bir yerdə oynayırlar.
Biz də yaxşı hazırlaşmışdıq. Pis oyun keçirmədik.
Sadəcə, öz səhvlərimizə görə məğlub olduq. Kim daha dözümlü olacaqdısa, o da qalib gələcəkdi.
Demək olar ki, 1 qol oyunun taleyini həll edəcəkdi. Həm də millinin əsas oyunçuları məhz “Birbaşa Bakı”nın heyətindədir.
Əslində, bizim üçün pis nəticə sayılmır. Futbolçuların durumu mənim üçün çox önəmli idi.
İnanıram ki, bu matç həm çempionat, həm də yığma baxımından futbolçularımız üçün faydalı oldu. Hər iki komandanı təbrik edirəm. “Birbaşa Bakı” hələlik qarşısıalınmaz komandadır”.
Baş məşqçi heyətdə yer alan legionerlərin çıxışı ilə bağlı düşüncələrini də bölüşüb:
“Heyətimizdəki legionerlərin oyunlarının alınmadığını deməzdim. Əsas odur ki, Avropanın ən güclü komandasına qarşı oynadıq.
Hansı ki, heyətlərində çıxış edən bəzi milli üzvləri Avropanın ən güclü futbolçuları seçilib. Onlardan daha yaxşısını tapmaq hazırda çətindir.
Komandamız bir neçə il birlikdə oynasa, çempion olacağımıza inanıram”.