MÜƏMMA! Legionerlər medalları almadı, ərazini tələsik tərk etdilər - FOTOREPORTAJ

12 Mart 21:20 Futzal 346
MÜƏMMA! Legionerlər medalları almadı, ərazini tələsik tərk etdilər - FOTOREPORTAJ

Martın 11-də Bakı Tennis Akademiyasında bir vur çatlasın idi ki, gəl görəsən.

Azərbaycan Minifutbol çempionatının final qarşılaşmasında “qızıl”a iddiaçılar “Zirə”ylə “Birbaşa” üz-üzə gəlirdi.

Final da nə final?

Təşkilatçılar həlledici qarşılaşmanın maraqlı alınması üçün arenaya 500-dən artıq azarkeşin gəlməsinə nail olmuş və bunun üçün möhtəşəm açılış tədbiri hazırlanmışdı.

Şən musiqi sədaları altında rəqs edən gənc qızlar bayram ab-havası yaradaraq təxminən yarım saat azarkeşlərin könlünü oxşayandan sonra meydana komandalar dəvət olundu.

Artıq ilk dəqiqələrdən “Birbaşa”nın üstünlüyü nəzərə çarpan dərəcədə hiss olunurdu. “Pivəçilər”in üstünlüyünə baxmayaraq, ilk hissədə qapılara qol vurulmadı.

Oyunda mübarizə əzminin yüksək səviyyədə olması sarı vərəqələrin havada “uçuşmasından” görünürdü. Təzyiqi artıran “Birbaşa” ikinci yarının əvvəlində lazım olan qolu vurunca, zirəlilər böyük qüvvə ilə irəli atılıb qapısından ikinci topu buraxdı.

İnsaf naminə, futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadənin rəqib qapısından keçirdiyi qolun möhtəşəm alındığını deməliyik.

Oyuna təng qatan əsas məqam “Zirə”nin heyətində Qazaxıstan millisinin üç üzvünün yer alması idi. Məhz bu fakt başdan-ayağa azərbaycanlılardan təşkil olunmuş “Birbaşa”nın futbolçularında əlavə motivasiya yaratmışdı.

Hiss olunurdu ki, Qazaxıstandan gələnlərə azərbaycanlıların minifutbolu yüksək səviyyədə oynamaq bacarığını göstərməyə çalışırlar.

Matç başa çatandan sonra qızıl, gümüş və bütünc medalların sahiblərinə, eləcə də, ən məhsuldar futbolçuya, ən yaxşı meydan oyunçusuna və ən yaxşı qapıçıya medallar və kuboklar təqdim olundu.

Mükafatlandırma mərasimində idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda, Azərbaycan Minifutbol Federasiyasının rəhbəri Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev və “Zirə” futbol komandasının baş məşqçisi Rəşad Sadıqov iştirak edirdi.

Tədbirin sonunda diqqətimizi çəkən məqam legionerlərin mükafatlarını almaması oldu. Belə ki, “Zirə”nin şərəfini qoruyan Qazaxıstan millisinin üzvləri medal almaq üçün kürsüyə qalxmaqdan imtina edərək arenanı tələsik tərk etdilər.

Bəslənən ümidləri puç etdiklərinə görə rəhbərlikdən ciddi tənqid görmüşdülər, hava limanına tələsirdilər, “gümüş”ü özlərinə sığışdırmadılar – dəqiq hansının olduğunu müəyyənləşdirmək çətin idi. Adamın ağlına hər cür ehtimal gəlirdi.

Beləliklə, prinsipial oyunda inamlı qələbə qazanan “Birbaşa” ardıcıl dördüncü çempionluğunu bayram etməklə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Qaydalara əsasən, “Zirə” də həmin yarışda mübarizə aparacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti